Jalə Əhmədova: Sentyabrın 27-sinin Anım Günü elan olunması şəhidlərimizin xatirəsinə ali ehtiramın göstəricisidir
Jalə Əhmədova: Sentyabrın 27-sinin Anım Günü elan olunması şəhidlərimizin xatirəsinə ali ehtiramın göstəricisidir
Jalə Əhmədova: Sentyabrın 27-sinin Anım Günü elan olunması şəhidlərimizin xatirəsinə ali ehtiramın göstəricisidir
Xalqımız Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsinin birinci ildönümü qeyd edir. Bu müharibə zamanı haqq və şərəf işimiz olan, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əzmkarlıq, iradə və birlik nümayiş etdirdi, düşmənə ağır zərbələr endirərək onu təslim olmağa məcbur etdi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu addım şəhidlərimizin xatirəsinə, qazilərimizə göstərilən ali ehtiramın əyani təsdiqidir.
İctimairey.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əhmədova AZƏRTAC-a açıqlamasında deyib.
Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğu vurğulayan deputat bildirib: “Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfərin qazanılmasında ordumuzun tətbiq etdiyi yeni döyüş taktikaları mühüm rol oynadı. Bu gün Azərbaycan Ordusu hərb tarixində yeni döyüş taktikalarının müəllifi hesab olunur. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası yenilik kimi qiymətləndirilib. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsinin zəruriliyini qeyd edirlər”.
Qeyd olunub ki, bu gün Ordumuz əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, döyüş hazırlığını və manevr təcrübəsini artırır, birgə hərbi təlimlər keçirməyə davam edir. Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktiki manevr qabiliyyəti əsaslı şəkildə artıb. Ordu quruculuğu işi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji prioritetlərindəndir.
J.Əhmədova bildirib ki, bu gün ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına ən yüksək səviyyədə dövlət qayğısı göstərilir. “Mən hər zaman qazilərin yanında olacağam”, – deyən Prezident İlham Əliyev müharibənin bütün iştirakçılarına münasibətini bəyan etdi. Müharibədə yaralanmış hərbçilərimizin reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş hərbi qulluqçular Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. Bu orden və medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim edilib.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək olaraq vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün “YAŞAT” Fondu yaradılıb. İndiyədək Fondda 62 milyon manatdan çox vəsait toplanıb. Fondun vəsaitləri hesabına qazilərimiz xarici ölkələrdə müalicə olunaraq Vətənə qayıdırlar.
“44 günlük müharibə dövründə Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşı cəbhəsində də mühüm addımlar atdı. Dövlət başçısı Azərbaycana qarşı informasiya blokadasını yararaq müharibənin gedişində və sonrasında onlarla aparıcı xarici KİV-ə müsahibələr verdi. Bu müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur. Çünki bu müsahibələr sayəsində ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını bir daha göstərdi. Bu baxımdan müharibə dövründə Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) 16 beynəlxalq təşkilata müraciətləri xüsusi qeyd olunmalıdır.
İşğaldan azad edilmiş torpaqlarımızda bu gün bərpa və quruculuq işləri davam edir. Ötən qısa müddətdə infrastrukturun yaradılması, yolların çəkilməsi və digər sahələrdə çox böyük işlər görülüb. Əminik ki, vətəndaşlarımız 30 illik ayrılıqdan sonra tezliklə doğma yurd-yuvalarına qayıdacaq, işğaldan azad olunmuş ərazilərimizdə həyat əvvəlki axarına geri dönəcək”, – deyə deputat qeyd edib.
İctimairey.az