Ukrayna mətbuatına 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat ünvanlanıb
Ukraynanın 30-dan çox informasiya agentliyi, portal və qəzetinə ünvanlanan bəyanatda 44 günlük Vətən müharibəsi haqqında geniş məlumat verilib.
İctimairey.az Azərtaca-a istinadən xəbər verir ki, Bəyanatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
“2020-ci ilin sentyabrın 27-də Ermənistanın Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başlamasına cavab olaraq, Azərbaycan özünümüdafiə hüququndan istifadə edib öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də hədəf seçirdi. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirildi. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda 2907 hərbçi şəhid olub, 7 nəfəri isə itkin düşüb”, – deyə bəyanatda qeyd olunur.
Bəyanatda vurğulanır ki, Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini 44 günlük müharibə ərzində azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilib. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur qalaraq öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur oldu.
İctimairey.az
_________________________________