Azərbaycanın yeni parlamenti haqq səsimizin dünyaya çatdırılmasında mühüm rol oynayacaq

0

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsinə cəmi 1 gün qalır. Artıq seçkiöncəsi təbliğat-təşviqat kampaniyası yekunlaşıb. 991 namizədin bir çoxu ötən 21 gün ərzində onlar üçün yaradılmış bərabər imkanlardan istifadə edərək seçicilərin səsini qazanmaq uğrunda axıra qədər mübarizə apardı. Fəal namizədlər son günədək seçicilərlə fərdi və toplu görüşlərini davam etdirdilər. Ümumən, təbliğat-təşviqat mərhələsi kifayət qədər dinamik keçdi. Budəfəki parlament seçkisinin işğaldan azad edilmiş suveren ərazilərimiz də daxil olmaqla bütün ölkə boyu keçirilməsi amili də heç şübhəsiz ki, seçki kampaniyasının aktivliyinə öz müsbət təsirini göstərdi. Bu mənada qalib ölkənin parlament seçkilərinin əvvəlki seçkilərlə müqayisədə daha hərəkətli keçməsi gözlənilən idi.

“Böyük Qayıdış” Proqramına uyğun olaraq öz dədə-baba yurdlarına, işğaldan azad edilmiş ərazilərə köçürülən soydaşlarımız 30 ildən sonra ilk dəfə Qarabağ və Şərqi Zəngəzurda səsvermə hüquqlarından istifadə edəcəklər. Bu, onlar üçün Böyük Qayıdış dövrünün ilk parlament seçkisidir. Beləliklə, uzun illər məcburi köçkün həyatı yaşamış soydaşlarımızın seçki hüququ artıq bərpa olunur. 44 günlük Vətən müharibəsi nəticəsində qalib gəlmiş Azərbaycan indi öz parlamentarizm institutunun bütövlüyünü də bərpa etmiş olur. Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra, indi növbəti mərhələyə qədəm qoyuruq. Azərbaycanın yeni dövrünün parlamenti haqq səsimizin dünyaya çatdırılmasında mühüm rol oynayacaq. Mən fürsətdən istifadə edib sentyabrın 1-də Laçında, Şuşada, Xankəndidə, Zəngilanda, Füzulidə və işğaldan azad edilmiş digər ərazilərimizdə səs verməyə hazırlaşan soydaşlarımızı təbrik edirəm.

Eyni zamanda deputatlığa namizədlərə də uğurlar diləyirəm. Həm siyasi partiyalardan və qeyri-hökumət təşkilatlarından irəli sürülən namizədlərin, həm də bitərəf namizədlərin çoxluğu və kifayət qədər fəallığı təbliğat-təşviqat kampaniyasının əsl rəqabət mühitində keçməsini təmin etdi. Rəqib namizədlər öz təşviqat kampaniyalarını sərbəst və təhlükəsiz şəkildə həyata keçirə, təşkil edə bildilər. Bəzi epizodik halları nəzərə almasaq, ciddi qanun pozuntularına rast gəlinmədi. Hansısa namizədlərin seçicilərə real olmayan vədlər verməsi isə onların siyasi naşılığının və fərdi məsuliyyətsizliyinin əlamətidir. Bu cür neqativ hallara bütün ölkələrin seçki kampaniyalarında rast gəlmək olur.

Əsas odur ki, namizədlər üçün azad və şəffaf rəqabət mühiti yaradılmışdı və bu da seçicilərimizə namizədlərin hər birini daha yaxından tanımaq imkanı verdi. Bu, olduqca mühüm məsələdir. Mən əminəm ki, sentyabrın 1-də seçicilərimiz yüksək fəallıq nümayiş etdirəcək və yeni parlamentimizin formalaşması üçün layiqli namizədlərə səs verəcəklər. Beləliklə, ölkəmiz 110 mindən çox yerli və xarici müşahidəçinin izləyəcəyi növbədənkənar parlament seçkilərinə tam hazırdır. Vətənə, Millətə xeyirli olsun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »