Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

0

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının yaranmasının 100 illiyi münasibətilə Polis Akademiyasında təntənəli mərasim keçirilib.

İctimairey.az-a DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının və Daxili Qoşun hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Nazir, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasının təsis edilməsinin 100 illik yubileyi münasibətilə onun şəxsi heyətini, məzunlarını, veteranlarını təbrik edib.

Akademiyanın keçdiyi şərəfli yola nəzər salan V.Eyvazov bildirib ki, 1921-ci ildə milis nəfəri və komandir kadrları hazırlayan məktəb statusunda yaradılmış bu tədris müəssisəsi Akademiya səviyyəsinə qədər yüksəlib, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə Akademiyada keçirilən təntənəli mərasimlərdə iştirak etdiyini, zəruri göstərişlər verdiyini, diqqət və qayğısı sayəsində bu təhsil müəssisəsinin maddi-texniki bazasının, tədris prosesinin əhəmiyyətli şəkildə təkmilləşdiyini diqqətə çatdırıb. Müəllim və kursantların istifadəsinə müasir tədris korpusları və texnoloji avadanlıq, yeməkxana və yataqxanalar, idman kompleksi, virtual təlim otaqları, poliqon, zəngin fondu olan elektron kitabxana, xarici dil mərkəzi, konfrans zalı verildiyini vurğulayıb.

Beynəlxalq əlaqələrinin ildən-ilə genişlənərək xarici ölkələrin 20-dən çox xüsusi təyinatlı təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirdiyini, tədris prosesində informasiya texnologiyalarından geniş istifadə olunduğunu, xüsusi metodlara və interaktiv təlimə üstünlük verildiyini, kursantlara vətənpərvərlik hissi, zabit qüruru, saf mənəviyyat aşılandığını, bütün bunların mütəxəssis hazırlığını şərtləndirən mühüm amillər olaraq cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində müsbət nəticələrin əldə olunmasına zəmin yaratdığını bildirib.

Azərbaycan polisinin peşəkar, milli ruhda tərbiyə olunmuş, dövlətçiliyə, Vətənə və xalqa sadiq bütöv bir nəslinin ərsəyə gəlməsində Polis Akademiyasının da əhəmiyyətli rolunu xüsusi vurğulayan nazir diqqətə çatdırıb ki, ötən 100 ildə bu təhsil müəssisəsinin məzunlarının ümumi sayı təxminən 25 min nəfər təşkil edib və bu gün daxili işlər orqanları üzrə şəxsi heyətin 82 faizi ali təhsilli hüquqşünaslardır. Məzunlardan 25 nəfəri ali rütbələrə, 12 nəfəri (6-sı ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Mərasimdə həmçinin Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov çıxış edərək, planlaşdırılan və görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıya qoyulmuş vəzifələrin icrası barədə məruzə edib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əvvəlki illərdə Akademiyaya rəhbərlik etmiş polis veteranlarını da təbrik edərək onlara Akademiyanın 100 illiyi münasibətilə hazırlanmış döş nişanlarını təqdim edib.
Təntənəli mərasim Akademiyaya yeni qəbul olunmuş kursantların andiçmə mərasimi və şəxsi heyətin tribuna önündən keçidi ilə başa çatıb.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »