Son 4 ildə görülən bərpa işləri azərbaycanlıların qurucu xalq olduğunu bir daha bütün dünyaya isbat etdi
44 günlük müharibədə qazandığımız parlaq Zəfər ruhumuzu və taleyimizi dəyişdiyi kimi təqvimimizdə də böyük dəyişikliklərə, yeniliklərə yol açdı. Belə ki, Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü də daxil olub. İlk dəfə ötən il qeyd edilən bu yeni təqvim günü Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis olunub. Və sözügedən Sərəncama əsasən, bu gün ölkəmizdə 26 avqust – Laçın Şəhəri Günü qeyd olunur.
Niyə məhz 26 avqust Laçın Şəhəri Günü kimi təsis edilib? Çünki Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da tam olaraq Azərbaycanın nəzarəti altına keçib. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi, Şanlı Ordumuzun rəşadəti, şəhid və qazilərimizin qanı sayəsində Azərbaycanın 44 günlük Vətən Müharibəsində döyüş meydanlarında qazandığı böyük Qələbə siyasi-diplomatik müstəvidə də üstünlüyümüzə zəmin yaradıb və nəticədə 10 noyabr Üçtərəfli Bəyanatınının şərtlərinə uyğun olaraq Ermənistan tərəfi Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb. Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib. Lakin keçmiş “Laçın dəhlizi” həmin vaxt Laçın şəhərinin mərkəzindən keçdiyinə görə şəhər və eləcə də Zabux və Sus kəndləri bir müddət Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalmışdı.
Azərbaycan hökumətinin səyləri nəticəsində alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb. Beləliklə, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust – Laçın Şəhəri Günü kimi təsis edilib. Dövlətimizin başçısının bu addımı ən yeni tariximizin şanlı səhifəsini – 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrini bundan sonra heç vaxt unutmamağımıza və torpaqlarımızı daim göz bəbəyimiz kimi qorumağımıza hesablanıb. Bu baxımdan Laçının işğaldan azad edilməsi və Laçına həyatın qayıtması həqiqətən də böyük tarixi hadisədir. Bəli, Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa etməyi bacardı və Cənubi Qafqazda yeni reallıqların əsasını qoydu.
Laçın artıq iki ildir ki, yenidən tam əmin-amanlıq dövrünə qayıdıb. Hazırda Laçında qızğın bərpa-quruculuq işləri aparılır. “Böyük Qayıdış” Proqramı da Laçın istiqamətində uğurla icra olunmaqdadır. İndiyədək Laçın şəhərinə 534 ailənin (1971 nəfər) qayıdışı təmin edilib. Laçın rayonunun Zabux və Sus kəndlərinə də əhalinin köçürülməsi davam edir. Zabux kəndində Dövlət Proqramına əsasən indiyədək 217 ailənin (823 nəfər) daimi məskunlaşması təmin edilib. Tamamilə yenidən tikilərək istifadəyə verilən Sus kəndinə isə 59 ailənin (214 nəfər) köçürülməsi nəzərdə tutulur. 132 yerlik orta məktəb, 50 yerlik uşaq baxçası inşa olunan kəndə 20 ailənin köçürülməsi artıq təmin olunub.
Prezident İlham Əliyev Laçında aparılan bərpa-quruculuq işlərini və sakinlərin qayıdışını daimi nəzarətdə saxlayır. O, son dövrlərdə Laçına 7 dəfə səfər edib və bu səfərlərin hər birində yeni müəssisələrin, nəqliyyat-logistika qovşaqlarının, sosial-infrastruktur obyeklərinin, orta məktəb, xəstəxana və yaşayış binalarının təməlqoyma mərasimlərində iştirak edib. 28 may 2023-cü il tarixindən başlayan Laçına qayıdış laçınlıların həyatında yeni səhifə açıb, 30 illik məcburi köçkün həyatına son qoyub. Həmin gün Prezident İlham Əliyev də Laçın şəhərinə səfər edib və doğma yurdlarına qayıdan laçınlılarla görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Şərqi Zəngəzurun füsunkar guşələrindən biri olan Laçın bu gün həm sərhəd qalamızdır, həm də yeni mədəniyyət və turizm mərkəzimizə çevrilməkdədir. Düşmənin taladığı, yandırdığı Laçın indi Azərbaycan xalqının quruculuq simvolu kimi göz oxşayır. 30 il davam edən işğalçı siyasət ermənilərin işğalçı xalq, son 4 ildə görülən bərpa işləri isə azərbaycanlıların qurucu xalq olduğunu bir daha bütün dünyaya isbat etdi. Bu gün Laçına gələn əcnəbi qonaqlar kimin kim olduğunu əyani görə bilirlər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri