Bu gün Daşkənddə bütün Türk dünyası üçün önəmli hadisələrdən daha biri gerçəyə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzaladılar. Beləliklə, iki qardaş ölkənin müttəfiqliyi tam rəsmiləşdi. Prezident İlham Əliyevin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirdiyi kimi bu gün Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular. Bəli, bu, həqiqətən də mühüm tarixi hadisələrdən, ən önəmli məqamlardan biridir.
Dövlətimizin başçısı vurğuladı ki, bu strateji sənədin imzalanması ilə dostluq və qardaşlıq münasibətlərimizin yeni fəsli deyil, bütöv bir kitabı yazılır: “Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.
Yeri gəlmişkən, Özbəkistan əvvəllər uzun müddət qapalı mövqe tutub, özünütəcrid siyasəti yürüdüb. Lakin son illərdə Özbəkistanın fəal açılım siyasəti yürütdüyünü, qlobal inteqrasiyaya böyük önəm verdiyini müşahidə edirik. Sözügedən inteqrasiya prosesi çərçivəsində türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi, genişləndirilməsi də hazırkı Özbəkistan hökuməti üçün prioritet istiqamətlərdən biri sayılır. Özbəkistanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ən sıx əlaqələrə malik olduğu ölkələrdən biri isə məhz Azərbaycandır. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, “biz həmişə – istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə təkcə mənəvi dəstək göstərməklə yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini yüksək qiymətləndirdi və iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında, dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələnin başlandığını bildirdi. Özbək lider azərbaycanlı həmkarı ilə mətbuata bəyanatı zamanı onu da qeyd etdi ki, Özbəkistanın müttəfiqlik münasibətləri saxladığı ölkələrin sayı çox azdır və indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə bir müttəfiqlik müqaviləsi imzalanmayıb. Bu da onu göstərir ki, ölkələrimiz və liderlərimiz arasında həqiqətən də möhkəm qarşılıqlı inam, etimad mühiti mövcuddur.
Azərbaycan lideri ilə yanaşı, Özbəkistanın dövlət başçısı da Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması barədə danışarkən qeyd etdi ki, “biz bu gün tarix yazdıq. Bu tarix öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacaq”. Dostluq və əməkdaşlıq münasibətlərimiz o səviyyəyə çatıb ki, artıq Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıq mühiti bütün Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı proseslərə ciddi təsir göstərir. Azərbaycan Prezidenti mətbuata bəyanatında bu məqama toxunaraq bildirdi ki, “bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”.
Özbəkistanın Azərbaycan üçün bir özəlliyi də ondadır ki, bu dost və qardaş ölkə işğaldan azad edilmiş Qarabağın bərpası prosesində fəal iştirak etmək niyyətini bu gün bir daha ortaya qoydu. Belə ki, Özbəkistan Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması layihəsinə də dəstək verəcək. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlarda işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə edib. Bu, artıq sözdə yox, əməli dəstəkdir və Özbəkistanın bu addımı həqiqətən də yüksək təqdirə layiqdir. Azərbaycan və Özbəkistan arasındakı sıx münasibətlər digər türk dövlətləri üçün də müsbət örnəkdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri