Neft qiymətləri bir gün əvvəl iki həftənin minimumuna endikdən sonra bu gün səhərdən də düşməyə davam edir.
Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin bir barel üzrə qiyməti 1 dollara yaxın ucuzlaşaraq 76.97 dollar olub. Dünən Brent markalı neft 2,02 dollar (2,5 faiz) ucuzlaşaraq 77,66 dollar olmuşdu.
Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,62 dollar (0,83 faiz) ucuzlaşaraq bir barelə görə 73,75 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilənin qiyməti 2,28 dollar (3 faiz) ucuzlaşaraq 74,37 dollar olmuşdu.
Bu ucuzlaşmanın əsas səbəblərindən biri Yaxın Şərqdəgərginliyin bir qədər azalmasıdır. Dünən İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündən sonra baş nazirin ofisi bildirib ki, girovların azad edilməsi və Qəzza zolağında atəşkəs üçün ABŞ-ın təklif etdiyi sazişi dəstəkləyib.
Bundan başqa, dünyanın ən böyük yanacaq idxalçısı olan Çinin iqtisadiyyatındakı problemlər də bazara qiymətsalıcı təsir göstərən başlıca amillərdən biridir. Çində tələblə bağlı davam edən narahatlıqlar bazar əhval-ruhiyyəsinin pisləşməsinin əsas səbəbidir.\\musavat\\