Laçın rayonundakı Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otaran şəxs piyada əleyhinə minaya düşüb.
İctimairey.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib. Laçın rayonunun Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu həmin rayonun Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Qeyd olunub ki, hadisə nəticəsində Süleymanov Əli sol ayağından xəsarət alıb. Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda vurğulanıb.