AHK sədri Qurban bayramı münasibətilə xalqımızı təbrik etdi

0

Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AHK-nin Mətbuat xidməti xəbər verir ki, təbrikdə deyilir:

“Əziz soydaşlar!
Sizi birlik və həmrəylik bayramımız olan Qurban bayramı münasibətilə ən səmimi arzularımla təbrik edir, dualarınızın və qurbanlarınızın qəbul olunmasını diləyirəm.

Qurban bayramı bütün müsəlmanlar kimi biz azərbaycanlılar üçün də əvəzolunmaz milli-mənəvi dəyərlərimizdən birinə çevrilib. İrqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün müsəlmanları vəhdətə, həmrəyliyə səsləyən bu bayram bu gün hər birimizə Allahımız, Vətənimiz, inancımız, sevdiklərimizin yolunda qeyd-şərtsiz fədakarlığı, sədaqəti təbliğ edir və bizə ən ülvi hissləri aşılayır.

Xalqımız qayğıkeşliyi, bölüşməyi, yardımlaşmanı, xeyirxahlıq etməyi çox sevən bir xalqdır. Məhz buna görə də Qurban bayramı əsrlər boyudur ki, xalqımıza ruhən ən yaxın, dogma bayramlardan birinə çevrilib. Qurban bayramı günlərində xeyriyyəçilik edən, hər bir ailənin sevinməsinə vəsilə olmağa çalışan insanlarımızın fəallığı, fədakarlığı ürəklərimizi qürur hissilə doldurur.

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyümüz uğrunda öz canlarını qurban verən şəhidlərimiz də fədakarlığın gerçək mücəssəməsidir. Ona görə də bu müqəddəs bayram günlərində əziz şəhidlərimizin xatirəsini böyük ehtiram və şükranlıq hissilə yad edir, onların ruhuna Uca Allahdan rəhmət diləyirik.

Bu gün qalib və bütöv Azərbaycanımızın hər yerində olduğu kimi işğaldan azad edilmiş ərazilərimizdə də qurbanlar kəsilir, dualar oxunur. Qarabağda, Şərqi Zəngəzurda artıq dörd ildir ki, milli və dini bayramlarımız qeyd olunur. Bu da böyük bir fədakarlığın və mübarizənin nəticəsidir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin fədakar sərkərdəliyi, rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı, mübarizliyi sayəsində bu gün Şuşaya, Füzuliyə, Zəngilana, Laçına, Cəbrayıla, Xocalıya qayıdan soydaşlarımız öz dədə-baba yurdlarında qurban kəsmək ənənəsini yenidən bərpa edir və bayram günlərində əzizlərinin məzarlarını ziyarət edirlər.

Mən keçmiş məcburi köçkün kimi və Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi yurddaşlarımıza nəsib olan bu bayram sevincinə görə özümü xoşbəxt hiss edirəm. Eyni zamanda fürsətdən istifadə edib bütün doğmalarımızı, dostlarımızı, böyüklərimizi və Vətənimiz naminə əməyi keçən hər kəsi Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm. Qoy ürəkləriniz həmişə sevinclə döyünsün, evləriniz işığa bələnsin, dualarınız və diləkləriniz qəbul olunsun, əziz həmvətənlər! Qurban bayramınız mübarək olsun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »