Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə Türkiyədə fəaliyyət göstərən İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən Ağrı dağına yürüş təşkil olunub.
Dərnəyin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acarın AZƏRTAC-a verdiyi məlumata görə, Azərbaycan paytaxtının düşməndən azad edilməsi münasibətilə əzəmətli yürüşlər təşkil etmək İğdırda ənənə halını alıb. Belə ki, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi ötən il eyni məqsədlə Təkaltı dağının zirvəsinə yürüş keçirmişdi.
Ziya Zakir Acar deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun ötən il 44 günlük müharibə sayəsində qazandığı tarixi rəşadət Qafqaz İslam Ordusunun ötən əsrin əvvəlində həyata keçirdiyi tarixi missiyanın davamıdır. Fəxr edirik ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə müharibə başlayan gündən Azərbaycanın yanında oldu, qardaşlarımıza siyasi-mənəvi dəstək göstərdik. Azərbaycan və Türkiyənin hər zaman çiyin-çiyinə olması xalqlarımızın mənəvi sifarişi, nəsillərə örnək olan əzəmətli bir nümunədir.”
İctimairey.az