Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.
Erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyini yazıb.
“Sputnik Ermənistan” bildirib ki, hərbçimiz Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb.
Məlumatı rəsmi olaraq hələlik nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti təsdiqləyib.
Erməni mediası ötən gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində Ordumuzun itkin düşən əsgəri Ceyhun Hüseynovun Ermənistanın Dərələyəz mahalının Areni kəndində saxlanıldığı haqda iddia yayıb.
Ermənilərin hazırda “Areni” adlandırdığı kənd Naxçıvanla düz sərhəddə – 1,5 km-likdə yerləşən tarixi Azərbaycan kəndi Arpadır. Keşişkənd rayonun ərazisində, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır.
Arpa kəndinin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il fərmanı ilə dəyişdirilib, Areni qoyulmuşdur.
Qeyd edək ki, əsgərimizin saxlanıldığı barədə Ermənistan MN rəsmi açıqlama verməyib.//Milli.Az