F. Ağamalı Azərbaycanla İsrailin münasibətlərini daha yüksək səviyyədə qurmalı olduğunu və İranla artıq münasibətləri açıq müstəvidə aydınlaşdırmalı olduğundan da danışır.
“İran çox əsəbi görünür. Azərbaycanın güclü dövlət kimi özünü ifadə etməsini həzm edə bilmir. Əgər bundan sonra İran Azərbaycana qarşı belə siyasət nümayiş etdirərsə, bizim soydaşlarımızın 44 günlük müharibədə olduğu kimi iradəsi ortada olacaq. Artıq o zaman İran onun ərazisində olan bizim 40 milyonluq soydaşımızın qarşısında dayana bilməyəcək”.
İctimarey.az bildirir ki, bu fikirləri “Toplum TV”-yə deputat Fəzail Ağamalı indiki İran-Azərbaycan münasibətlərini şərh edərkən bildirib.
Sentyabrın 12-dən etibarən İranın yük maşınları Gorus-Qafan yolunda Azərbacan ərazisinə giriş üçün rüsum ödəyirlər.
Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasını Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən tətbiq edildiyini bildirib. Məlumatda ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələrinin “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən, yol vergisinin vergitutma obyekti olduğu vurğulanıb.
“İran əsəblərimizlə oynayır”
Deputat Fəzail Ağamalı İranın riyakar, Ermənistanın mövqeyini qoruyan və Azərbaycanın səbr kasasını daşıran addımlar atdığını deyir: “Bir müddət öncə bu özbaşınalığı, Azərbaycana qarşı düşmənçiliyi diqqətə çatdırmaq üçün İrana nota verilsə də, bunlar yenə də riyakarlığı davam etdirirlər. Ən azı biz bunu Şuşanın özündən belə açıq görə bilirik. İranın molla rejimi bunu dərk edə bilmir və seperatçı quldurları yemləməklə əsəblərimizlə oynayır. Amma o mütləq bunun cavabın alacaq”.
Deputat Azərbaycanın həmişə İrana səmimi münasibət bəslədiyini deyir. “İran 40 milyonluq soydaşımızın etirazlarını da nəzərə almır. Bu artıq ağlını itirmiş bir rejimdir. Azərbaycan dövləti bununla kifayətlənməyəcək, bunun ardı da gələcək. Eyni zamanda biz Laçında da həm gömrük, həm də xüssusi təyinatlı dəstələrin postlarını qurmalıyıq. Laçınla Ermənistan sərhədində də sərhəd postlarımızı gücləndirməliyik”.
İctimairey.az