Qonşu Gürcüstanda parlamentin spikeri Şalva Papuaşvili deputatların bu günlərdə qəbul etdiyi qalmaqallı qanunu – “xarici agentlər” haqqında qanunu imzaladı və beləliklə, bu mübahisəli qanun qüvvəyə mindi. Gürcüstanın xəyalpərəst və naşı Baş naziri İrakli Kobaxidze bunu Gürcüstanın “qələbə”si kimi qiymətləndirib. Lakin əsl həqiqətdə isə, Kobaxidze ciddi şəkildə yanılır.
İ.Kobaxidzedən qısa iqtibas:
““Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi nə hakimiyyətin qələbəsi, nə də opponentlərin və beynəlxalq tərəfdaşların məğlubiyyəti hesab edilməlidir, qanunun qəbulu ilə yalnız Gürcüstan qalib gəldi”.
Bu açıqlamadan görünür ki, ya Kobaxidzenin hazırkı qlobal geosiyasi proseslərdən zərrə qədər anlayışı yoxdur və Qərb-Rusiya qarşıdurmasının bu mərhələsinin Gürcüstanda Rusiyanın xeyrinə yekunlaşmasını həqiqətən də anlamır, yadaki “şirin nağıl”lar danışmaqla gürcüləri aldadır.
Çünki “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi ilə əsl həqiqətdə qalib gələn tərəf Gürcüstan yox, Rusiyadır. Gürcüstan isə bu “oyun”da uduzan tərəfdir. Və Gürcüstanın uduzması bütün Cənubi Qafqaz regionunun gələcəyi üçün ciddi təhlükələr yaradır. Gürcülərin bu dırnaqarası “qələbə”si bütün Cənubi Qafqaza ağır başa gələ bilər. Çünki Ukrayna “bataqlığ”ından çıxmağı və hazırda Ukraynada hərbi əməliyyatların gedişini öz xeyrinə dəyişməyi bacaran Rusiyanın geosiyasi iştahları yenidən baş qaldırmaqdadır. Putinin köhnə-yeni arzuları yenidən dövrəyə və dövriyyəyə qayıdır.
İctimai Rəy xəbər verir ki, araşdırmaçı jurnalist Bəybala Mirzəyevin bildirdiyinə görə, Əgər Qərb Ukraynada Rusiyanı məğlub etməyi bacarmasa, o zaman Kreml həm Cənubi Qafqaz respublikalarını, həm də Mərkəzi Asiya ölkələrini yeni ittifaq dövlətinin “çətir”i altında birləşdirmək üçün hərəkətə keçəcək. Ona görə də Rusiya var gücü ilə Ukraynada qalib gəlməyə, Moldovanı götürməyə və bununla da NATO Alyansının gücsüzlüyünü, bivecliyini de-fakto sübut etməyə çalışır. Rusiya buna nail olarsa, NATO avtomatik olaraq dağılacaq və Rusiya yeni supergücə çevriləcək. Bu isə təbii ki, yenidən Rusiyaya postsovet ölkələrini öz caynaqlarına keçirməyə imkan verəcək.
Yeri gəlmişkən, Rusiyanın yeni müdafiə naziri Andrey Belousovun KTMT müdafiə nazirlərinin Almatı toplantısında “NATO və Avropa İttifaqı özlərinin Rusiya ilə qarşıdurma kursu çərçivəsində Gürcüstanda, həmçinin Ermənistan-Azərbaycan münasibətlərində gərginliyi artırırlar” fikrini səsləndirməsi də Kremlin Qərbi “oyun”dan çıxarmaq və postsovet ölkələrinə təkbaşına sahiblənmək planlarının mövcudluğunu təsdiqləyir.
Maraqlıdır ki, Qərbi regionda gərginliyi artırmaqda ittiham edən və NATO Alyansının Qafqazda mövqelərini möhkəmləndirmək istədiyini, bununla da Xəzərin ehtiyatlarına, habelə Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışdığını deyən Belousov, nədənsə, Rusiyanın da eyni hədəflərə can atdığını dilə gətirmir. Axı Rusiyanın da ekspansionist planları göz qabağındadır.
Ona görə də Rusiya Qərbi pisləyib, özünü isə postsovet xalqlarına “yenilənmiş mələk” obrazında təqdim etməyə çalışmamalıdır. Biz Qərbin də, Rusiyanın da eyni medalyonun astar və üz hissələri olduğunu yaxşı bilirik. Qərb də, Rusiya da geosiyasi “ovçu”luqla məşğuldur. Bu, neoimperializmin yeni mərhələsidir.