“Fransız Polineziyasının dekolonizasiya prosesində Azərbaycanın dəstəyinə ehtiyacı var”.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, Tavini Huiraatira partiyasının baş katibi Viktor Maamaatuaihutapu Milli Məclisdə keçirilən “Fransız Polineziyasının dekolonizasiya hüququ – çağırışlar və perspektivlər” adlı konfransda bu zərurəti ifadə edib.
Maamaatuaihutapu qeyd edib ki, Fransa Polineziyasından nümayəndə heyəti Azərbaycana yardım xahişi ilə gəlib.
Sitat: “Biz siyasi cəhətdən gəncik və Azərbaycanın dəstəyinə ehtiyacımız var. İnanırıq ki, siz bizə kömək edəcəksiniz və ədalət zəfər çalacaq”.
Onun sözlərinə görə, Polineziya Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinə görə təcrid olunmuş vəziyyətdə qalıb.
O, həmçinin yaradılan şəraitə görə Azərbaycana minnətdarlığını bildirib və köməyə çağırıb: “Biz Fransanın tələbi ilə təcrid olunmuşuq. Çünki Fransa bizim ərazilərimizdə nüvə sınaqlarını davam etdirmək istəyir. Biz inanırıq ki, siz bizim səsimizi beynəlxalq ictimaiyyətə çatdıracaqsınız və bizə kömək edəcəksiniz. Biz min illərdir mövcud olan xalqıq, amma siyasi cəhətdən gəncik. Biz ədalətin nəhayət zəfər çalmasını istəyirik”.