“Bunu edən saxta qazilərdir, vicdansızcasına…” – Polkovnikdən ETİRAZ

0

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı İlhamə Nasir müharibə iştirakçıları və mülki həyatda hərbi forma geyinən şəxslərlə bağlı bir sıra iddialar irəli sürüb. O, həmin şəxslərdən qorxduğunu gizlətməyib. Səbəb olaraq isə, onların qazi adı altında özbaşınalıq etdiyini göstərib.

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Sabah”a açıqlamasında aparıcının fikirlərinə rəy bildirib:

“İlhamə Nasirin fikirləri bütün qazilərə şamil oluna bilməz. Amma çox təəssüflər olsun ki, qazilər arasında müharibədə iştirak edib, hazırda mülki həyatını yaşayan bəzi şəxslər özlərini layiqli apara bilmirlər. Mən də İlhamə xanımın bu fikri ilə razıyam. Zaman-zaman verdiyim açıqlamalarda, çıxışlarımda da qeyd etdiyim kimi, əsl qazilər özlərini çox təmkinli və ağır aparırlar. Çünki cəmiyyətdə onların davranış və sözlərinə diqqət yetirilir. Hesab edirəm ki, bu belə də olmalıdır.

Təəssüflər olsun ki, belə şəxslərin arasında bəzi haqqı olmayan, hətta saxta yolla qazi adı almış adamlar da var. Veteran təşkilatlarının vicdansızcasına satdığı medalları səhra geyiminin üzərinə taxıb ayrı-ayrı dövlət idarələrinə gedir, özbaşınalıqlar edirlər. Hətta ictimai iaşə obyektlərində, restoran və kafelərdə, şəhərdə özlərini layiqli apara bilmirlər. Belə olmamalıdır. Bu məsələdə bir anarxiya hökm sürür və onun qarşısı alınmalıdır. Həmin davranışların sonradan çox ağır nəticələri olacaq. Polis əməkdaşları bu kimi məsələlərə ciddi diqqət yetirməlidirlər. Yeri gəldi-gəlmədi rəsmi tədbirlərdən kənarda forma geyinən şəxsləri polislər yoxlamalı və onlardan etik qaydalara əməl etmələri tələb olunmalıdır”.

Ekspert bunun çox ciddi bir məsələ olduğunu vurğulayıb:

“İlhamə Nasirin bir sıra fikirlərinə qatılsam da, o, bu sözləri çox sərt şəkildə deyib. Buna görə də, bütün fikirlərinə bəraət qazandırmıram. Biz o formaya və onun daşıyıcısı olan müqəddəs şəhidlərimizə, müharibə iştirakçılarına hörmətlə yanaşmalıyıq. Onların sayəsində torpaqlarımızı işğaldan azad edib, tarix yazmışıq. Amma, belə bir söz var, deyir dünənə görə çox sağ ol, bu gündən danış. Müharibə iştirakçıları normal qaydada davranış sərgiləməli və cəmiyyətə nümunə olmalıdırlar. Çox ciddi məsələ olduğu üçün buna dırnaqarası yanaşmaq olmaz. Hesab edirəm ki, dövlət televiziyası, ictimai televiziya və digər kanallar bu istiqamətdə maarifləndirmə işlərinə başlamalıdır ki, ayrı-ayrı şəhər və kəndlərdə olan şəxslər də məlumatlandırılsın.

Hərbi formanı kim necə gəldi istifadə edir. Eləsi var, geyinib şəhərə çıxır, eləsi də var ki, maşınyuma məntəqəsində, dana otaranda geyinir. O forma müqəddəsdir. Onu geyinən əsgər və zabitlərimiz şəhidlik zirvəsinə ucalıblar. Bu gün muzeylərdə onların geyindiyi forma, ayaqqabılar saxlanılır. Ona görə də, bu geyimi hörmətdən salmamalıyıq. Sözügedən məsələdə sayı-hesabı bilinməyən veteran təşkilatları müəyyən işlər görməlidir ki, müharibə iştirakçıları özünü cəmiyyətin sayılıb-seçilən bir üzvü kimi aparsın”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »