Azərbaycanlı və türkiyəli şəhid ailələri ilə BİR ARADA – FOTOLAR

0

“YAŞAT” Fondu və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə 1915-ci ildə Enver Paşanın təlimatı ilə yaradılan Türkiyə Savaş Əlili, Qazilər, Şəhid Dul və Yetimləri Dərnəyinin Bursa və Ankara şöbəsindən 28 şəhid ailəsi üzvü Azərbaycanda səfərdədir.

İctimai Rəy xəbər verir ki, məqsəd azərbaycanlı və türkiyəli şəhid ailə üzvlərini bir araya gətirməklə ölkələrimiz arasındakı mövcud əməkdaşlığı genişləndirməkdir.

Bu çərçivədə türkiyəli şəhid ailələri 35 azərbaycanlı şəhid ailə üzvləri ilə bir araya gəlib.

“Tək millət, tək ürək” şüarı ilə reallaşan təşəbbüs çərçivəsində məlumatlandırma və mədəniyyət mübadiləsi, dəstək tədbirləri istiqamətində birgə müzakirələr, eləcə də Şuşa şəhərinə səfər həyata keçirilib.

70-ə yaxın iştirakçı Cıdır düzünə, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə, Şuşa qalasına, İsa bulağına, Yuxarı Gövhər Ağa məscidinə, Bülbülün ev-muzeyinə ekskursiya edib.

Bursa Savaş Əlili, Qazilər, Şəhid Dul və Yetimləri Dərnəyinin sədri Qazi Haşim Sivri bu təşəbbüsü yüksək qiymətləndirib, Azərbaycan və Türkiyə şəhid ailələrinin bir araya gətirməklə qardaşlıq bağlarımızın möhkəmləndirildiyini bildirib.

28 May – Müstəqillik Gününə həsr olunan layihə çərçivəsində qonaqlar öncə Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini və İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Hərbi Qənimətlər Parkında şəhid ailə üzvlərinə Vətən müharibəsi zamanı əldə edilmiş qənimətlər barədə məlumat verilib.
Bakı şəhəri ilə tanışlıq çərçivəsində isə Bulvar ərazisinə və İçərişəhərə ekskursiya edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »