Latviya parlamentinin sədri Daiga Mierinanın Azərbaycana səfərinə Fuzuli və Şuşadan başlaması təqdir olunmalıdır. Azərbaycana təşrif buyuran qonaqlar adətən Bakı görüşlərini yekunlaşdırdıqdan sonra Qarabağa gedirlər. Latviyalı qonaq fərqli yol seçib. “Azərbaycana səfər çərçivəsində Qarabağda quruculuq işləri ilə tamış olduq. Bu kimi səfərlərin təşkili Azərbaycan həqiqətlərinin daha çox bilinməsinə şərait yaradır” deyən Latviya parlamentinin sədri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq kimi qiymətləndirib. Qarabağa səfərində Latviya parlamentinin sədrini müşayiət edən Milli Məclisin sədri müavini Adil Əliyev qonaqlara bölgə haqqında kifayət qədər məlumat verib. Latviya parlamentinin sədri Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra Latviya iş adamlarının Şuşada quruculuq işlərinə cəlb olunması mövzusunda danışıqlar aparıldığını bildirdi. Bu proses genişlənib. Qarabağda quruculuq işlərində iştirak etmək istəyən dövlətlərin sayı artıb. Qarabağda əlini daşın altına qoymaq istəyən dövlətlər bu yolla Azərbaycanla tərəfdaşlıq əlaqələrini gücləndirmiş olurlar.
İctimai Rəy xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildiriyinə görə, Latviya Baltik ölkələri içərisində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən əsas ölkədir. Doğrudur, işğal dövründə Latviya parlamentinin ayrı-ayrı deputatları qanunsuz olaraq Qarabağda olublar. Digər tərəfdən Latviya parlamentinin 2021-ci ildə “erməni soyqırımını” tanıması Türkiyə ilə yanaşı Azərbaycanda da mənfi qarşılanıb. Buna baxmayaraq, Latviya Litva və Estoniyadan fərqli olaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək verməyib. Misal üçün iki il əvvəl Litva və Estoniya Xarici İşlər Nazirlikləri Qarabağ separatçılarına dəstək verən açıqlama yayımladılar. Latviya bu iki qonşusuna qoşulmadı.
Latviyanın Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyi Litva və Estoniyanı anti-Azərbaycan mövqeyindən çəkindirməlidir. Latviya parlamentinin sədri Azərbaycanı ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini dəstəkləyibsə, Estoniya və Litvanın fərqli siyasət yürütməsinin mənası yoxdur. Bu siyasət Litva və Estoniyanın Cənubi Qafqazdakı maraqlarına ziddir. Fransanın getdiyi yol digərlərinə də dərs olmalıdır. Fransa Ermənistan üzərindən anti-Azərbaycan siyasəti ilə Cənubi Qafqazda möhkəmlənmək istədi. Alınmadı. Fransa itirdi. Bu mənada Litva və Estoniyanın iki seçimdən birinə üstünlük verməldir. Fransa yolu Estoniya və Litvanı Cənubi Qafqazdan uzaqlaşdıracaq, Latviya yolu isə Azərbaycanla tərəfdaşlıq üzərindən bölgənin geosiyasi imkanlarından faydalanmalarına imkan verəcək.