Prezident İlham Əliyevin vurğuladığı kimi tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır
Mürəkkəb proseslərin yaşandığı hazırkı dünyada həmrəylik və tolerantlıq bəşəriyyət üçün olduqca mühüm mövcudluq amillərinə çevrilir. Bu yanaşma Prezident İlham Əliyevin Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına ünvanladığı müraciətindən də görmək mümkündür. Belə ki, Forum iştirakçılarını salamlayan dövlətimizin başçısı bildirib ki, qloballaşan və sürətlə transformasiya olunan müasir dünyada son dərəcə mürəkkəb ictimai-siyasi proseslər baş verir, etnik-dini zəmində münaqişələr və qütbləşmələr, irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizliyi və bəşəriyyətin əmin-amanlığını təhdid edən belə hallara qarşı mübarizədə dünya dinlərinin sülh və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa, dünyəvi və dini ittifaqların birgə səylərinə ciddi ehtiyac vardır.
Bu baxımdan müxtəlif din və inanc mənsublarını, dini liderləri, vətəndaş cəmiyyəti nümayəndələrini və siyasətçiləri bir araya gətirən, insanlar arasında ədaləti, sülhü, həmrəyliyi, dostluğu, sosial-mənəvi vəhdəti təşviq edən qurumlar və fərdlər tərəfindən böhranlı vəziyyətlərdə sülh quruculuğu, inklüziv cəmiyyət və ətraf mühitlə bağlı aktual problemlərin müzakirəyə çıxarılması heç şübhəsiz ki, təqdirə layiq hal kimi qiymətləndirilməlidir. Aqressiyanın, dözümsüzlüyün, nifrətin, ksenofobiyanın baş alıb getdiyi hazırkı kritik və həssas məqamda qlobal həmrəylik istiqamətində atılan hər bir addım miqyasından asılı olmayaraq yer üzündə sülh və insanlıq naminə böyük töhfədir.
Azərbaycan da bu istiqamətdə kifayət qədər fəal mövqe sərgiləyir, qlobal dialoq, tolerantlıq və multikultural dəyərlər, demokratik birgəyaşayış və s. səpkili mövzular üzrə beynəlxalq forumlara tez-tez ev sahibliyi edir. Biz bu sahələrdə tarixən əldə etdiyimiz böyük təcrübəni, uğurları və müsbət ənənələri hamı ilə bölüşürük. Bakıda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər bu cür təcrübə mübadiləsi üçün əla platformadır.
Prezident İlham Əliyevin Lissabonda keçirilən Qlobal Dialoq Forumunun iştirakçılarına ünvanladığı müraciətində vurğuladığı kimi fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır və biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir.
Dövlətimizin başçısı sözügedən müraciətində həmçinin bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində də dünya dini liderlərinin zirvə görüşünün keçirilməsinin nəzərdə tutulduğunu bildirib və həmin görüşdə qlobal iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyininin bir daha təsdiq olunacağına əminliyini ifadə edib. Bəli, hazırkı qlobal geosiyasi təlatümlər, sosial-iqtisadi böhranlar, iqlim dəyişikliklərinin getdikcə dərinləşdiyi bir vaxtda dinin rolu və din xadimlərinin də məsuliyyəi ikiqat artır.
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərin vaxtında qarşısının alınması üçün hər kəs öz məsuliyyətini dərk etməli, dövlət rəhbərlərinin və dini liderlərin bütün səy və imkanları narahat dünyamızın firavan, sabit və dayanıqlı gələcəyi naminə səfərbər olunmalıdır: “Hazırda planetimizin müxtəlif bölgələrində, fərqli coğrafiyalarda baş verən geostrateji ziddiyyətlər beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni yanaşmalar tələb edir. Müasir çağırışlar dinin cəmiyyət həyatında və beynəlxalq münasibətlərdə rolunun düzgün müəyyənləşdirilməsi, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməsi və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsi zərurətini qarşıya qoyur”.
Odur ki, hazırkı lokal konfliktlərin qlobal toqquşmaya çevrilməməsi və Üçüncü Dünya müharibəsinə gətirib çıxarmaması üçün bu gün dünyanın bütün mütərəqqi qüvvələri öz səylərini birləşdirməlidir. Bizim ölkəmiz də beynəlxalq sülhə və təhlükəsizliyə, müxtəlif tərəflər arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa bundan sonra da töhfə verməyə davam edəcək. Azərbaycanın qlobal həmrəyliyə verdiyi töhfələr hamı üçün müsbət nümunəyə çevrilir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri