Təxminlərim özünü doğrultdu, Prezident İlham Əliyev bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bədnam Minsk Qrupunun ləğv edilməsi vaxtının gəldiyini bildirib. Belə ki, dövlətimizin başçısı qeyd edib ki, “ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir”.
Cənab Prezident gördüyümüz kimi ATƏT-in baş diplomatı ilə diplomatik dildə yox, tam açıq söhbət edib və hər şeyi olduğu kimi diqqətə çatdırıb. Belə də olmalı idi. Çünki həqiqətləri və faktları bütün ermənipərəst qurumların və avrobürokratların üzünə çırpmağın vaxtı gəlib çatıb. Tavtalogiya ilə, söz oyunu ilə məşğul olan və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün indiyə qədər heç bir real iş görməyən qüvvələri, necə deyərlər, fakt qarşısında qoymağın zamanıdır. Prezident İlham Əliyev də ATƏT-in fəaliyyətdə olan sədrini fakt qarşısında qoyaraq vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub.
Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlət başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür. Bir sözlə, ATƏT inersiyadan əl çəkib çoxdan “ölü” quruma çevrilmiş Minsk Qrupunu buraxmalı, özünü doğrultmayan həmsədrlik institutunu ləğv etməlidir.
Beləliklə, ABŞ-ın və Fransanın həmsədrlik institutunu yenidən canlandırmaq istiqamətində spekulyasiyalarına da birdəfəlik son qoyulmalıdır. Bizim Minsk Qrupu kimi ədalətsiz bir təsisatın varlığına ehtiyacımız yoxdur. ATƏT-in özüylə əməkdaşlığımızı davam etdirə biləcəyimiz başqa sahələr isə kifayət qədər çoxdur. Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq ilə görüşündə bu istiqamətdə ətraflı müzakirələr aparılıb. ATƏT-Azərbaycan münasibətlərində bir dönəm qapanır, yeni səhifə açılır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri