Sülh danışıqları və “din bayquşları”

0

Qazaxıstan, Almaniya, Gürcüstan kimi tərəfsiz və neytral ölkələrin bu cür görüşlərə ev sahibliyi etməsi gerçəkdən də təqdir olunası haldır.

İctimai Rəy xəbər verir ki, araşdırmaçı jurnalist Bəybala Mirzəyevin dediyinə görə adları çəkilən ölkələr Rusiyadan, Fransadan, ABŞ-dan və Avropa İttifaqından (Aİ) fərqli olaraq məkrli “vasitəçi”lik iddiasına düşmür, öz maraqlarını güdmür və necə deyərlər, yorğanı öz üzərlərinə çəkməyə çalışmırlar.

Bu ölkələr sözügedən görüşlərin baş tutması və Ermənistanla Azərbaycanın yekun sülh sazişinə bir addım da yaxınlaşması üçün sadəcə ev sahibliyi edir, təşkilatçı rolunu yerinə yetirirlər, vəssalam.

Bu gün də dost və qardaş Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçirilən görüşdə “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlar aparılıb.

İkitərəfli danışıqlardan əvvəl Qazaxıstan xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüş keçirilib, nazir Murat Nurtleu azərbaycanlı və erməni həmkarlarına sülh danışıqlarında uğur diləyib.

Ev sahibi kimi Qazaxıstana, əlbəttə, böyük bir təşəkkür düşür.

Almatıda aparılan danışıqlar heç şübhəsiz ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə biraz da təkan verəcək.

Azərbaycan XİN rəhbəri ilə görüşdən əvvəl çıxışı zamanı Almatı görüşünün Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəldiyini bildirən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan maraqlı bir açıqlaması ilə diqqətləri cəlb edib.

Belə ki, onun sözlərinə görə, tərəflər yalnız sülh müqaviləsi ilə kifayətlənmək istəmir. Erməni nazir, eyni zamanda, regionda nəqliyyat kommunikasiyalarının bərpasının tərəfdarı olduqlarını vurğulayıb.

Bu da onu göstərir ki, Paşinyan və onun komanda üzvləri delimitasiyanın və sülh sazişinin əhəmiyyətini, faydalarını artıq tam olaraq dərk etməyə başlayıb. Hərçənd ki, eyni sözü həm Rusiyadan və İrandan, həm də Qərbin müəyyən dairələrindən dəstək alan Erməni Apostol Kilsəsinin radikal-millətçi katolikosu, arxiyepiskopları və keşişləri haqda söyləmək mümkün deyil. Bu dırnaqarası “din xadimləri” sülhü təşviq etmək əvəzinə, öz icmalarını, erməni xalqını yenidən müharibəyə səsləyirlər.

Ümid edək ki, Paşinyan özündə iradə tapıb hazırda “din bayquşları”nın əli ilə Ermənistanda yaradılmış qarmaqarışıq və təhlükəli vəziyyətin öhdəsindən gəlməyi bacaracaq, keşişlərə öz yerini göstərəcək və sülhə doğru daha qətiyyətli addımlar atacaq.

Növbəti görüşlər Bakıda, İrəvanda, Ankarada və Tiflisdə də keçirilə bilər. Bunun elə də prinsipial fərqi yoxdur. Əsas odur ki, Paşinyan Azərbaycanla münasibətlərin normallaşdırılmasında tərəddüdlərinə və kənardan məsləhətlərə son qoysun, daxildəki revanşist qüvvələrin neytrallaşdırılmasında qətiyyətlilik nümayiş etdirsin.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »