2024-cü ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36659 narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir. Ötən il ərzində 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.
İctimai RəyTrend-ə istinadən xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda panel müzakirələri zaman deyib.
O qeyd edib ki, həmin şəxslərin 8458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir. Onun sözlərinə görə, 36659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.
Ş.Şahverdiyev həmçinin diqqətə çatdırıb ki, narkotik vasitələrdən əziyyət çəkən insanların ictimailəşdirilməsi, onların icazəsi olmadan üzlərinin göstərilməsi doğru deyil.
Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil olunacaq.