Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi mayın 17-də Kazan şəhərində dəyirmi masa keçirəcək.
Bu barədə “Rusiya – İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumunun rəsmi saytı məlumat yayıb.
“KazanForum” çərçivəsində mayın 17-də AZPROMO və Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Rusiya və Azərbaycan” adlı dəyirmi masa keçiriləcək”, – məlumatda qeyd edilib.
Tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Rusiya iqtisadiyyat nazirinin müavini Dmitri Volvaç, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və digər rəsmi şəxslər iştirak edəcək.
“Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas tərəfdaşıdır. Hazırda bir neçə birgə meqalayihə hazırlanır ki, bunlar təkcə ikitərəfli deyil, həm də qlobal xarakter daşıyacaq. Buraya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, yanacaq-energetika, sənaye istehsalı sahələrində əməkdaşlıq daxildir. Rusiya Azərbaycanın ilk üç əsas ticarət tərəfdaşından biridir və Azərbaycanın qeyri-karbohidrogen məhsullarının idxalında birinci yerdədir”, – məlumatda vurğulanıb.
Xatırladaq ki, “KazanForum” 2024-cü il mayın 14-dən 19-dək Tatarıstanda keçiriləcək. Bu tədbirdə Azərbaycan, Əlcəzair, Əfqanıstan, Bəhreyn, Misir, İndoneziya, İran, Qazaxıstan, Qətər, Küveyt, Malayziya, Mərakeş, BƏƏ, Suriya, Tacikistan, Özbəkistan və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.//Report