Təsadüfi etiraflar TƏHLİL

0

Bu fikirlər politoloq A.Adilin “Təsadüfi etiraflar” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

“Kirli” siyasi texnologiyaların ifşasına həsr olunmuş bundan öncəki yazılarda qeyd etmişdik ki, “boykot” adlı siyasi texnologiyanın strateji hədəflərindən biri seçkidən sonrakı dövrdə müxtəlif təxribatlarla məşğul olmaq üçün informasiya səbəblərinin yaradılmasıdır. Budur, AXCP-nin “qurultay” adlandırdığı “maska şousu”ndan cəmi bir neçə gün sonra sözügedən partiya sədrinin müavini Fuad Qəhrəmanlıdan ilk ifşaedici etiraf. F.Qəhrəmanlının növbəti sözlərinə diqqət yetirin: “İndiki mərhələdə bizim şansımız fevralın 7-də olan seçki ilə bağlı deyil, bizim şansımız sonrakı mərhələ ilə bağlıdır”. Məhz “sonrakı mərhələ” vurğulanır və onların bütün pozucu arzuları da elə bu mərhələ ilə bağlıdır.

Təəssüf ki, ehtimallarımız təsdiqləndi. Soruşa bilərsiniz: “Nə üçün təəssüf ki?”. Öz xalqına, dövlətinə, əldə olunmuş uğurlara, artan nüfuza, tarixi Qələbəyə, Xankəndi şəhərində keçirilmiş parada bu qədər nifrət edən soydaşlarımızın olması yalnız təəssüf hisslərinin yaşanmasına səbəb ola bilər.

Odur ki, artıq bu gün tərəddüd etmədən deyə bilərik ki, “maskalar düşdü” və bu bəla siyasətçilərin həqiqi niyyətləri tam ifşa olundu. Bəllidir ki, burada əsas niyyət sadəcə qalmaqal yaratmaq və müxtəlif təxribat xarakterli situasiyaları təhrik etməkdir. Faciə odur ki, radikallar bu cür məkrli niyyətlər üçün sadə insanlardan istifadə etmək istəyir. Burada tanınmış ABŞ yazarlarından biri olan Karl Saqanın sözləri yada düşür: “Nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə çalışanlar cəmiyyətin həssas olduğu bir mövzunu, onları kresloya aparacaq bir qorxunu müəyyən edirlər”. Ancaq ssenari yazan Qərbin politexnoloqları hələ də anlamır ki, üzərində çalışdıqlar “material” çox çiydir.

Etiraflar kontekstində Fuad Qəhrəmanlının çıxışında əksini tapmış başqa bir epizoda da diqqət yetirək: “Reallıq bundan ibarətdir ki, bu seçki prosesində hansısa yeni situasiya yaratmaq imkanımız yoxdur”. Deməli, “boykot” oyunu, eyni zamanda, zəifliyin etirafıdır. Seçkidə iştirak etmək, seçkilərə hazırlaşmaq və sağlam rəqabət aparmaq üçün bu bəla siyasətçilərə 30 illik müddət yetərli olmayıbsa, cəmi bir neçə ay ərzində bunlar hansı “fokusları” göstərə biləcəklər ki, özlərinə qarşı formalaşmış ictimai fikri dəyişdirə bilsinlər? Yenə də su kimi aydındır ki, “boykot”, sadəcə, bəhanədir.

Burada illər öncə təsadüfi şahidi olduğum bir hadisə qeyri-ixtiyari yada düşür. Böyük bir layihə çərçivəsində orta məktəblərdə çalışan musiqi müəllimləri ilə təşkil olunmuş tədbirə qonaq qismində dəvət edilmişdim. Aparılan müzakirələr çərçivəsində 30 illik müəllimlik təcrübəsinə malik şəxsə notlar ilə bağlı ibtidai sual verilmişdi. Həmin suala cavab vermək üçün musiqi təhsilinə heç ehtiyac da yox idi. Belə ki, verilmiş suala cavab vermək üçün ayağa duran və 30 ildən artıq əmək təcrübəsinə malik olan müəllim demişdi: “Mən hazır deyiləm, bilmədim ki, suallar veriləcək, hazırlaşmamış gəlmişəm”. Etiraf edim ki, həmin an təcrübəli müəllimin bu cavabına necə reaksiya verəcəyimi bilmədim…

Otuz il ərzində özünə müxalifət “flaqmanı” adını vermiş bir partiyanın “biz seçkilərə hazır deyilik” deməsi də yalnız acizliyin etirafıdır. Burada nə məsuliyyət, nə peşəkarlıq, nə də ki, hər hansı xoş niyyətdən söhbət belə gedə bilər. Odur ki, bu cür siyasətciklərin bütün ritorikası yalnız müxtəlif təxribatların yaranmasına xidmət edən yalanlardan ibarətdir. Onlar bu cür davranışları ilə təkcə vətəndaşlarımıza qarşı məsuliyyətsiz davranmırlar. Eyni zamanda, hətta az sayda olan üzvlərinə qarşı da riyakar olduqlarını göstərmiş olurlar.

Bu bəla siyasətçilərin köhnəlmiş maskaları artıq insanların ayaqlarının altında qalıb. Onların bütün yalan və oyunları artıq ifşa olunub. Tariximizin möhtəşəm Qələbə mərhələsi bu cür siyasətçilər üçün bir fürsətdir ki, onlar xalqın gözü qarşısında reabilitasiyanı qazanmaq üçün öz xəstə ambisiyalarından əl çəksinlər. Reallıqda isə görünən odur ki, bunlar ümummilli dialoqda iştirak etmək, əməkdaşlıq mühitində dövlətin və cəmiyyətin inkişafında pay sahibi olmaq əvəzinə, sifariş olunan musiqini çalmaq və marionetka olmağı seçiblər. “Kirli” siyasi texnologiyalarının ifşasına davam…

Leave A Reply

Your email address will not be published.

Tərcümə »