Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Turşsu” bulağında olub.
İctimai Rəy xəbər verir ki, dövlətimizin başçısı bulaq ərazisinə baxış keçirdi.
Məlumat verildi ki, meşənin daxilində mineral su mənbəyi olan “Turşsu” bulağı Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarıslı çayının sahilində 1700 metr hündürlükdə çıxır.
Bu ərazi uzun illər şuşalıların və şəhərin qonaqlarının istirahət etdikləri sevimli məkanlardan biri olub. Yay aylarında ətraf rayonlardan buraya insanlar gələr, yaxınlıqdakı yamaclarda çadırlar qurar, dincələr, bulağın suyundan istifadə etməklə sağlamlıqlarını möhkəmləndirərdilər.
Qeyd olundu ki, Şuşa rayonunun ərazisində bir neçə belə su mənbəyi var. Turşsu qəsəbəsinin yaxınlığındakı bu bulağın suyu fasilələrlə – təxminən bir saatdan da artıq müddətdən bir axır.
Bulağın suyu faydalı mikroelementlərlə, əsasən karbon, hidrogen-karbonad, maqnezium, natrium, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Bu su ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi xüsusiyyətlərə malikdir. Bu su, həmçinin orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqan xəstəliklərinə qarşı profilaktik təsir göstərir.
Rayon ərazisində suyu minerallarla zəngin olan digər bulaqlar da var. Bu bulaqlardan karbon turşulu–hidrokarbonatlı–natriumlu “narzan” tipli mineral sular axır.
Bu müalicəvi sulardan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulunda istifadə olunub.