Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edildi. Bu qərar gözlənilən qərar idi. Bəli, əksər vətəndaşlarımız bu qərarın qəbul edilməsini gözləyirdi. Azərbaycan xalqı məhz İlham Əliyevi ölkənin birinci şəxsi postuna ən layiqli namizəd hesab edir. Cənab Prezident bu yüksək etimadı son 20 illik yorulmaz və səmərəli fəaliyyəti, uğurlu idarəçiliyi, qətiyyətli liderliyi sayəsində qazanıb.
Ötən 20 il ərzində Azərbaycan sözdə yox, əməli olaraq Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu gün Azərbaycan ən güclü iqtisadi potensiala, ən zəngin resurslara, ən güclü orduya malikdir. İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti nəticəsində Azərbaycan xalqının son 200 ildə davam edən işğallar, məğlubiyyətlər, soyqırımları, deportasiyalarla dolu faciəli taleyinə son qoyulub. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra bütün dünya Azərbaycan xalqını qalib xalq kimi tanıyır. Qarşıdan gələn 7 fevral seçkiləri də Azərbaycan xalqının bu qələbəsini möhkəmləndirməyə xidmət edir.
Biz qarşıdakı illərdə erməni vandalizminin xarabalığa çevirdiyi Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmalı, “Böyük Qayıdış” Proqramını həyata keçirməli, 30 illik işğalın acı nəticələrini tamamilə aradan qaldırmalı, öz yurdlarına qayıdan soydaşlarımızın təhlükəsizliyini və firavan həyatını təmin etməliyik. Bu işlərin təməli İlham Əliyev tərəfindən qoyulub. Görülməkdə olan işlərin necə tamamlanacağını təbii ki, İlham Əliyev yaxşı bilir. 2020-ci il oktyabrın 9-da Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu məşhur ifadəsini indi də hər kəs rəğbət hissilə xatırlayır: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində”.
Bax, bu inamı biz hamımız 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərində bir daha nümayiş etdirməli, döyüş meydanlarında qazanılmış Zəfərin ölkəmizin gələcək inkişafı istiqamətində davam etdirilməsini təmin etməliyik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazanılan Qarabağ Zəfəri müstəqillik tariximizin zirvə nöqtəsidir. Biz indi həqiqətən də müstəqillik tariximizin ən qürurverici mərhələsindəyik. Bu mərhələ milli birliyimizin, həmrəyliyimizin də özünütəsdiq mərhələsidir. Odur ki, indi hamımızın Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər olmaq vaxtıdır. Əminəm ki, 7 fevral seçkiləri tariximizdə Zəfər seçkiləri kimi qalacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri