Hər itirilən gün Ermənistan üçün uçuruma yaxınlaşmaq deməkdir

“Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamağa yaxın olduğunu, tezliklə müqavilənin imzalanmasının reallığa çevriləcəyini bildirsə də, digər tərəfdən özü planlı şəkildə mümkün razılaşmanı pozur, ona əngəl yaratmağa çalışır. Bu ölkənin Xarici İşlər Nazirliyinin qoşunların sərhəddən çəkilməsinin zəruriliyi barədə açıqlaması İrəvanın sülh müqaviləsi imzalamaqda qeyri-səmimi olduğunu ortaya qoyur”.

İctimai Rəy xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla yaxın vaxtlarda sülh müqaviləsinin imzalanmasının real olduğu barədə açıqlamasını şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, Ermənistan sadəcə imitasiya ilə məşğuldur və sülhə meyilli olduğu görüntüsü yaratmağa çalışır:
“Azərbaycanın suveren ərazilərini onun Silahlı Qüvvələri qorumalıdır və ordumuz da bunu layiqincə həyata keçirir. 44 günlük Vətən müharibəsində min bir əziyyətlə döyüşüb torpaqlarımızı azad etməmişik ki, bu gün həmin ərazilərdən geri çəkilək və hansısa üçüncü qüvvə sərhədi qorusun”.
Arzuman Muradlının sözlərinə görə, Ermənistanın sərhəd xəttinə yerləşdirməyə canlı qüvvəsi çatmadığı üçün belə bir sərsəm təşəbbüslə çıxış edir:
“Ermənistan öz sərhədini kimə həvalə edir, onu qorumaq üçün hansı ölkəyə verirsə, öz işidir. Ancaq Azərbaycan sərhədlərini özü qoruyacaq”.

İctimai birlik sədri təklif edib ki, Ermənistan pozuculuq əməllərinə yol verməkdənsə, vaxt itirmədən Azərbaycanla sülh müqaviləsi bağlayıb öz gələcəyini qursun:
“Hər itirilən gün Ermənistan üçün geriyə atılan addım, uçurma yaxınlaşmaq deməkdir. Nə qədər gec deyil Ermənistan hakimiyyəti bunu dərk etməlidir”.

Comments are closed.

Tərcümə »