Əfqanıstanda baş verən tükürpərdici olaylar və eləcə də ABŞ-ın, NATO-nun son davranışları bu güc mərkəzləri ilə əməkdaşlıq, müttəfiqlik edən bütün ölkələr üçün əslində böyük bir dərs olmalıdır. Açıq mətnlə danışsaq, ABŞ birdən-birə Əfqanıstanı tərk etməklə həm əfqan xalqını, həm də bütün müttəfiqlərini, Əfqanıstanda birgə sülhməramlı fəaliyyət göstərən koalisiya ölkələrini “satdı”, onları böyük bir zərbə altında qoydu. NATO Alyansı da ABŞ-ın izi ilə gedir. Dünən NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Əfqanıstandakı hərbi missiyasını başa vurduğunu bəyan etdi və bildirdi ki, “Müttəfiqlər indi hava limanındadır. Fərqli ölkələr bütün qüvvələri geri çəkmək və bütün texnikanı geri qaytarmaq üçün mümkün olan hər şeyi edir”. Bu isə deməkdir ki, müttəfiq sayılan ölkələrin Əfqanıstandakı hərbi kontingentləri indi öz canlarını qurtarmaq və hərbi texnikalarını xilas etmək üçün Kabil aeroportuna sığınıblar.
ABŞ və NATO ilə əməkdaşlığın, müttəfiqliyin sonu bax budur. Hər şey bu qədər acınacaqlıdır. ABŞ və NATO Alyansı dünənə qədər onlarla əməkdaşlıq edən, onların ofislərində, mənzil-qərargahlarında, hərbi hissələrində işləyən yerli əfqan vətəndaşların həyatını da taleyin ixtiyarına buraxıb. NATO-nun Baş katibi Yens Stoltenberq bununla bağlı mətbuat konfransında çox əcaib bir açıqlaması ilə diqqətləri üzərinə çəkdi. “Bir çox müttəfiq ölkələr bugünkü əfqanıstanlılara ev sahibliyi etmə təklifi ilə çıxış etdilər. Əgər təxliyə edə bilsək, onları müvəqqəti və ya daimi olaraq qəbul etməyə hazır olan ölkələr var”, – deyə o qeyd etdi. Görürsünüzmü, NATO kimi nəhəng bir beynəlxalq strukturun, hərbi monstrın başçısı deyir ki, “əgər təxliyə edə bilsək…”. Bəs təxliyə edə, köçürə bilməsəniz, onların taleyi necə olacaq? Stoltenberq bu sualı cavablandırmayıb. Çünki deyiləcək bir sözü qalmayıb. ABŞ və NATO liderləri özləri də çox yaxşı başa düşürlər ki, onlar əfqanlara və müttəfiq ölkələrə qarşı doğrudan da həddindən artıq vicdansızca davranıblar.
İndi ABŞ-ın və NATO-nun bütün yükü demək olar ki, Türkiyənin, Azərbaycanın, İngiltərənin və bir neçə başqa ölkənin üzərinə düşüb. Hazırda Kabil aeroportunun təhlükəsizliyini əsasən üç ölkə – Türkiyə, Azərbaycan və İngiltərə təmin edir. Stoltenberq Türkiyənin Kabil hava limanında təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını bildirib. Alyans rəhbəri Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsində həyati rol oynadıqlarına görə Türkiyə və Britaniya ilə bərabər, Azərbaycana da təşəkkürünü bildirib. “Hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə tərəfdaşımız Azərbaycana da minnətdarıq”, – deyə Baş katib qeyd edib.
Məsələ də burasındadır ki, ABŞ prezidenti Co Bayden və NATO-nun Baş katibi Y.Stoltenberq ayrı-ayrılıqda mətbuat konfransı keçirib açıqlamalar verməklə və Kabil hava limanını qoruyan ölkələrə quruca təşəkkür etməklə sanki öz işlərini bitmiş hesab edirlər. Amma əsl həqiqətdə isə ABŞ da, NATO da ilk növbədə əfqan xalqından və Əfqanıstanda sülhməramlı missiyasını yerinə yetirməyə davam edən müttəfiqlərindən üzr istəməli, Əfqanıstanı xaos və anarxiyaya təslim etmələrini, müttəfiq ölkələri meydanda tək buraxıb aradan çıxmalarını etiraf etməlidirlər. Çünki ABŞ və NATO-nun Əfqanıstana və müttəfiqlərə qarşı bu münasibəti nə humanizm prinsiplərinə, nədəki beynəlxalq konvensiyalara, diplomatik və etik normalara sığmır. Onların bu hərəkəti onlara olan inamı, etibarı zədələyir, sarsıdır. İndi ABŞ-a və NATO-ya qarşı ciddi ölçüdə güvənsizlik, inamsızlıq müşahidə edilməkdədir.
Bu arada Türkiyə və Azərbaycanın Əfqanıstandakı hərbi kontingenti öz üzərlərinə düşən ağır missiyanı böyük bir fədakarlıqla, layiqincə yerinə yetirməyə davam edirlər. Azərbaycan sülhməramlıları Əfqanıstanda Türkiyə sülhməramlıları ilə birlikdə xidməti davam etdirirlər. Sülhməramlılarımızın həyatına heç bir təhlükə yoxdur. Onlar qardaş Türkiyənin sülhməramlıları ilə birlikdə paytaxt Kabilin hava limanının mühafizəsini təşkil etməklə bərabər, həm də yerli əhaliyə kömək edir, o cümlədən uşaqları xilas edirlər. Mən bununla bağlı sosial şəbəkələrdə yayılan videogörüntüləri izləyərkən sülhməramlılarımızla qürur duydum.
Bu çətin günlərdə dost və qardaş əfqan xalqına kömək etməyimiz həm də müsəlman həmrəyliyindən doğan mənəvi borcumuzdur. Eyni zamanda Əfqanıstanın 44 günlük İkinci Qarabağ müharibəsi günlərində Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəsətkləyən dövlətlərdən biri olduğunu da nəzərə almalıyıq. Bu mənada Azərbaycan da bu ölkədə öz sülhməramlı kontingenti ilə Türkiyənin yanında yer alması təqdirəlayiqdir. Azərbaycanın Əfqanıstanda digər dost dövlətlər – Türkiyə, Pakistan və Macarıstanla birgə fəaliyyət göstərməsi gələcək qlobal geosiyasi və geoiqtisadi planlarımızı gerçəkləşdirmək baxımından bizim üçün həqiqətən də böyük imkanlar açacaq.
Əfqanıstandakı mövcud fəallığımız bizim Vaşinqton və Brüssel qarşısında da mövqelərimizi daha da möhkəmləndirir. Daim işğalçı Ermənistana dəstək verən Qərb indi necə deyərlər, tərəzinin Azərbaycan gözünün ağır gəldiyini başa düşməli və özünün müttəfiqlik siyasətini, müttəfiq seçimi prioritetlərini yenidən gözdən keçirməlidir. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə də özünün effektiv iştirakı ilə Qərbə böyük dəstək verib. Vaşinqton və Brüsseldə bu amili də mütləq nəzərə almalıdırlar. Qərbin sahibsiz və köməksiz buraxdığı Əfqanıstanda Türkiyə və Azərbaycanın sülhün və sabitliyin yaradılmasına ciddi töhfə verəcəyi şübhəsizdir. Bu da bizim həm Qərb, həm də digər qlobal güc mərkəzləri qarşısında avantajlarımızı artırır, əlimizi gücləndirir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri