Prezident 1 sərəncam, 3 fərman imzaladı

0

On səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

İctimai Rəy xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

***

Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018,

№ 12 (I kitab), maddə 2570; 2020, № 4, maddə 402; 2022, № 2, maddə 95, № 8, maddə 846; 2023, № 8 (I kitab), maddə 1148) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.”;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na aşağıdakı məzmunda 6.1-1 – 6.1-4-cü bəndlər əlavə edilsin:

“6.1-1. “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə, müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına verilən və aşağıdakı tələblərə cavab verən kreditlərə bu Qaydanın 6.1-2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada dövlət zəmanəti və Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına faiz subsidiyası verilir:

6.1-1.1. hər bir layihə üzrə kreditin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı;

6.1-1.2. müasir suvarma sistemlərinin alıcıları tərəfindən həmin sistemlərin qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 faizi həcmində ilkin ödəniş edilməli;

6.1-1.3. kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı;

6.1-1.4. kreditin müddəti 5 (beş) ildən çox olmamalı;

6.1-1.5. kredit üzrə güzəşt müddəti müasir suvarma sistemlərinin alınması, quraşdırılması, ərzaqlıq buğda əkini, yığımı və satışı üçün bazarda tələb olunan müddətlərə uyğun olmalı, lakin 12 (on iki) aydan çox olmamalıdır.

6.1-2. Bu Qaydanın 6.1-1-ci bəndinə uyğun olaraq verilmiş kreditlərə ümumi kredit məbləğinin aşağıda müəyyən olunmuş həddində dövlət zəmanəti verilir:

6.1-2.1. illik faiz dərəcəsi 14,01 faizdən 15 faizədək olduqda – 30 faiz;

6.1-2.2. illik faiz dərəcəsi 13,01 faizdən 14 faizədək olduqda – 40 faiz;

6.1-2.3. illik faiz dərəcəsi 12,01 faizdən 13 faizədək olduqda – 50 faiz;

6.1-2.4. illik faiz dərəcəsi 12 faizədək olduqda – 60 faiz.

6.1-3. Bu Qaydanın 6.1-2.1 – 6.1-2.4-cü yarımbəndlərinə uyğun olaraq verilən kreditlər üzrə sahibkarlıq subyektləri illik 5 faiz dərəcəsi ödəyir, qalıq faiz dərəcəsi isə bu Qaydanın 6.1-1.3-cü yarımbəndi nəzərə alınmaqla dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına ödənilir.

6.1-4. Bu Qaydanın 6.1-1-ci və 6.1-2-ci bəndlərinə uyğun olaraq verilmiş kreditin illik faiz dərəcəsinin subsidiyalaşdırılan hissəsi dövlət büdcəsindən bu məqsədlərlə ayrılmış vəsait hesabına Agentlik tərəfindən rübdə 1 (bir) dəfədən az olmamaqla kredit təşkilatına ödənilir. Kreditin əsas məbləğinin ödəniş qrafiki mövsümilik amili əsasında sahibkarlıq subyektinin dövriyyəsi və ərzaqlıq buğda istehsalı nəticəsində satışdan daxilolmalar nəzərə alınmaqla müəyyən olunur.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı zamanı tətbiq edilən dövlət güzəştlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, sahibkarlıq subyektlərinə veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin yerli istehsala aid olmasına dair meyarları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

***

Prezident İlham Əliyev “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. 2023-cü il oktyabrın 31-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »