Birləşmiş Ştatların dünyada ədalət carçısı kimi çıxış etməyə heç bir haqqı yoxdur

0

Amerika Birləşmiş Ştatları dünyanın o ölkələrindəndir ki, onun nə dost, nədəki düşmən olduğunu ayırd etmək olmur. Çünki özlərini supergüc hesab edən, hegemon kimi aparan bu cür ölkələrin daimi dostları olmur, onlar daim öz geosiyasi maraqlarından çıxış edir və bir çox hallarda isə “ikili standart”lar siyasəti yürüdürlər. Adi dildə isə buna ikiüzlü siyasət, riyakar siyasət deyilir.

Biz zaman-zaman Ağ Evin, ABŞ Dövlət Departamentinin, ABŞ Konqresinin, eləcə də rəsmi dairələrə yaxın olan “Nyu York Tayms”, “Vaşinqton Post” kimi iri media qurumlarının anti-Azərbaycan xarakterli addımlarının, qərarlarının, bəyanatlarının, qərəzli yazılarının şahidi oluruq.

Görünən budur ki, ABŞ-ın hakim elitası bu gün də Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirmək xəttinə sadiqdir. ABŞ Senatının və Nümayəndələr Palatasının son addımları da bu fikrimizi təsdiqləyir. Belə ki, ABŞ Senatı Azərbaycana hərbi yardımı qadağan edən Aktı və eyni zamanda “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Senatın bu addımı ABŞ-ın ədalətsiz siyasətinin klassik nümunəsidir.

Dövlət Departamenti və Nümayəndələr Palatası da Senatdan geri qalmır. Belə ki, noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələrin keçirildiyi hamıya məlumdur. Sözügedən dinləmələrdə şahid qismində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen iştirak etdi. İstər C.Obrayen, istərsə də digər natiqlər öz çıxışlarında Azərbaycanın Qarabağda “güc tətbiq etməsi”ndən məyus olduqlarını vurğulayıblar. Obrayen isə bir qədər də irəli gedərək Ermənistana hər cür dəstəyin veriləcəyini qeyd edib: “Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək”.

C.Obrayenin Azərbaycanın ünvanına səsləndirdiyi fikirlər və ittihamlar heç şübhəsiz ki, erməni təəssübkeşliyindən, ABŞ-ın ənənəvi ermənipərəst siyasətindən irəli gəlir. Bu baxımdan, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) haqlı olaraq öz bəyanatında Ceyms Obrayenin dinləmələr zamanı səsləndirdiyi birtərəfli və qərəzli fikirləri səmərəsiz, əsassız və qəbuledilməz adlandırdı. Və ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxara biləcək belə birtərəfli yanaşması fonunda rəsmi Bakının 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşdən imtina etməsi tamamilə doğru addımdır. Bu, həddini aşan ABŞ rəsmisinin əsassız və qərəzli mövqeyinə tutarlı cavabdır.

Dövlət Departamentinin rəsmisinin dinləmələr zamanı səsləndirdiyi sərsəm fikirlər onu göstərir ki, ABŞ-ın uzun illərdir özünü demokratiyanın beşiyi sayması saxtakarlıqdan, riyakarlıqdan başqa bir şey deyil. Bu ölkənin öz müttəfiqləri, koalisiya ortaqları ilə birlikdə Əfqanıstanı, İraqı, Liviyanı, Suriyanı xarabalığa çevirməsi və hazırda Qəzza zolağında qətliam törədən İsraili müdafiə etməsi ABŞ-ın demokratiyanın və ədalətin beşiyi yox, demokratiyanın və ədalətin qəbirqazanı olduğunu göstərir. Bu mənada, Birləşmiş Ştatların dünyada ədalət carçısı kimi çıxış etməyə heç bir haqqı yoxdur.

Proseslər onu göstərir ki, ABŞ-ın son addımları Bakı-İrəvan münasibətlərini daha da gərginləşdirməyə və Cənubi Qafqazda növbəti hərbi eskalasiyaya şərait yaratmağa xidmət edir. Vaşinqtonun ermənipərəst siyasi gedişləri sülh prosesinə açıq-aşkar zərbə vurur. Ağ Evin hazırkı davranışlarında sülh gündəmini təşviq etmək cəhdləri əsla sezilmir. Azərbaycana hərbi yardımın dayandırılması, Ermənistana isə dəstəyin genişləndirilməsi regionu sülhə yox, müharibəyə sürükləyir. Təbii ki, Azərbaycanın ABŞ-ın hərbi yardımına ehtiyacı yoxdur. Azərbaycan ABŞ-dan hərbi yardım ummur, sülhə dəstək istəyir. Lakin təəssüf ki, Vaşinqton həmişəki kimi yenə “müharibə qırğısı” rolunda çıxış edir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »