Azərbaycana qarşı təzyiqlərin artırılmasının növbəti mərhələsinə start verilir

0

İki gün öncə İsrail-HƏMAS qarşıdurması ilə bağlı qalmaqallı açıqlaması ilə gündəmə gələn Avropanın baş diplomatı – Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin indi də Azərbaycanı hədəfə alan bəyanatla çıxış etməsi və son həftələrdə Qərb tərəfindən məqsədli şəkildə tirajlanan Azərbaycanın Ermənistana hücum edəcəyi barədə cəfəng ittihamını təkrarlayaraq həm ölkəmizə Ermənistanın ərazi bütövlüyünün pozulmasının ağır nəticələrinin olacağı ilə xəbərdarlıq etməsi, həm də Aİ müşahidəçilərinin sərhəddə sayının artırılacağını bildirməsi Azərbaycana qarşı təzyiqlərin artırılmasının növbəti mərhələsinə start verildiyini göstərir.

Görünən budur ki, Almaniyanı da yanına alan Fransa Aİ-ni və Ermənistanı öz əlində alətə çevirərək Cənubi Qafqazda möhkəmlənmək üçün geosiyasi planlarının icrasına başlayıb. Parisin əsas məqsədlərindən biri Rusiya və Türkiyəni Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq, Ermənistan və Gürcüstanı Qərbin bölgədəki forpostuna çevirmək və Zəngəzur dəhlizinə nəzarəti öz əllərinə keçirməkdir. Azərbaycanın Zəngəzurda müharibəyə hazırlaşdığı iddiasının qəsdən tirajlanması da məhz bu çirkin məqsədə xidmət edir.

Rəsmi Bakı Ermənistan ərazilərinə müdaxiləyə hazırlaşmaq fikrinin olmadığını və hətta Zəngəzur dəhlizinin də ölkəmiz üçün artıq əvvəlki qədər actual olmadığını dəfələrlə bəyan etsə də, lakin “kor tutduğunu buraxmaq istəmədiyi” kimi Qərb də “Azərbaycanın Zəngəzurda müharibəyə hazırlaşdığı” iddiasını saqqız kimi çeynəməyə və beynəlxalq ictimaiyyəti də belə bir ağ yalana inandırmağa çalışır.

Məqsədləri bəllidir. Fransa və Avropa İttifaqı Azərbaycanı təxribata çəkir. Bunun ardınca isə növbəti kirli oyunlarına start verəcəklər. Hətta Azərbaycan-Ermənistan sərhədində təxribat törətmək, süni surətdə hərbi toqquşma yaratmaq planları da gündəmdədir. Bu yolla həm Azərbaycanı təcavüzkar ölkə kimi təqdim edərək sanksiyalara məruz qoymağı, həm də Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağı və KTMT-nın sıralarından çıxarmağı hədəfləyirlər. Eyni zamanda Azərbaycan-Türkiyə birliyini zəiflətmək məqsədi güdülür. “Azərbaycanın Zəngəzurda müharibəyə hazırlaşdığı” iddiasının ictimailəşdirilməsi də onlara kirli hədəflərinin icrası üçün əsas yaratmaq, bəhanə əldə etmədən ötrü lazımdır. Bütün bunlar isə öz növbəsində Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün ciddi təhdidlər yaradır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »