Bildiyimiz kimi, cari ilin avqust ayının 16-da BMT Təhlükəsizlik Şurası Ermənistanın təklifi ilə Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirmişdir.
İclasda Ermənistan xarici işlər naziri şəxsən iştirak edərək yalan və böhtan atmaq bacarığını ortaya qoysa da, Ermənistanın siyasi hakimiyyəti nəinki gözlədiyini əldə edə bilmədi, əksinə, sözün əsl mənasında diplomatik fiaskoya uğradı. Ermənistanın “humanitar fəlakət”, ”soyqırım” və ”etnik təmizləmə” kimi uydurduğu yalanlar dünyanın ən mötəbər qurumunda tam olaraq ifşa edildi.
44 günlük Vətən müharibəsində döyüş meydanında darmadağın olan Ermənistan uydurduğu böhtan və yalanlarla Azərbaycanı diplomatik sahədə çətin vəziyyətə salmaq üçün BMT Təhlükəsizlik Şurası səviyyəsində etdiyi növbəti cəhd də uğursuzluqla nəticələnmiş oldu. Azərbaycan həm daxildə, həm də BMT çərçivəsində çevik və uğurlu diplomatik və siyasi həmlələr edərək Təhlükəsizlik Şurasında Ermənistanın təşəbbüsü ilə keçirilən iclasın gedişini və nəticəsini öz xeyrinə dəyişə bildi. Başqa sözlə desək, Ermənistan və ona çirkin niyyətlərinin həyata keçirilməsində havadarlıq edən Fransa bu müzakirələrdən heç bir siyasi divident qazana bilmədi.
İclasda əldə edilmiş ən mühüm nəticələrdən biri də Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin dəstəklənməsi oldu. Belə ki, Təhlükəsizlik Şurasının əksər üzvləri Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyü və suverenlik prinsipinə hörmət əsasında tezliklə tənzimlənməsinin və sülh sazişinin imzalanmasının vacibliyini qeyd etdilər. Bir çox çıxışlarda sərhədlərin demilimatsiya və demorkasiya olunmasının və kommunikasiya xəttlərinin açılmasının sülh prosesinin ayrılmaz hissəsi kimi qiymətləndirdilər. Bütün bunların hamısı Azərbaycanın son iki ildə təşviq etdiyi, Ermənistanın isə hər vəchlə mane olduğu məsələlərdi. Heç şübhəsiz ki, bu çağırışlar sülh sazişinin imzalanmasını süni şəkildə yubadan Ermənistana ünvanlanmışdı.
Təhlükəsizlik Şurasında müzakirə edilən məsələlərdən biri də Qarabağda yaşayan ermənilərin reinteqrasiyası məsələsi oldu. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi Azərbaycan ərazisində yaşayan erməni vətəndaşlarımız da birdəfəlik anlamalıdırlar ki, onların vətəni Azərbaycandır. Azərbaycan dövləti ərazisində yaşayan digər xalqlar kimi ermənilərin də rahat və azad şəkildə yaşamalarını təmin etmək üçün bütün lazımi tədbirləri həyata keçirir və bu siyasət dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməkdədir. Hazırda Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalisinin cəmiyyətimizə reinteqrasiya prosesini sürətləndirmək məqsədilə bir sıra addımlar atmaqdadır.
Bu nəticələrdən göründüyü kimi avqustun 16-da Ermənistanın dünyada ən mötəbər qurum hesab edilən BMT Təhlükəsizlik Şurasını öz siyasi məqsədləri üçün istifadə etmək cəhdi uğurlu diplomatik addımlarımız nəticəsində tam iflasa uğradı və ermənilərin yalan üzərində qurulmuş illuziyaları bu dəfə BMT-də dəfn edildi.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri