Aşıq yaradıcılığı xalqımızın mədəniyyətini dərin türk köklərinə bağlayır

0
Ozan-aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlayıb və xalq yaradıcılığının mühüm tərkib hissəsi kimi yalnız ulusun istəklərini tərənnüm etmir. Bu ulu sənət həm də Azərbaycanın görkəmli folklorşünas alimi, mərhum professor Azad Nəbiyevin dediyi kimi, xalq yaradıcılığı bulağı olmaqla xalqın spesifik mədəniyyətinin formalaşmasına çox güclü təsir göstərir və mədəniyyət yaradıcıları üçün ilham mənbəyi kimi çıxış edir.
Onu da qeyd edək ki, aşıq yaradıcılığı xalqımızın mədəniyyətini dərin türk köklərinə bağlayır. Ona görə də Azərbaycan aşıq sənətinin öyrənilməsi, təbliği, dünyaya tanıdılması mədəniyyətimizin qarşısında duran vəzifələrdəndir. Fərəhləndirici haldır ki, son dövrdə bu iş ardıcıl şəkildə, elmi əsaslarla, yüksək səviyyədə aparılır. Zəngin mədəni irsimizin tərkib hissəsi olan aşıq sənətinin təbliği həm xalqımızın mənəvi təkamülünə, həm də dünya mədəniyyətinin bu sənət inciləri ilə zənginləşməsinə xidmət edir.Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlərinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy-düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapmışdır.

Bu gün Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

Son dövrdə Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin milli mədəniyyətin qorunması və təbliği yönündə yürütdüyü məqsədyönlü siyasət bu yöndə bir-birindən gərəkli addımların atılmasına yol açıb. Ozan-aşıq mədəniyyəti sahəsində görülən işlər də məhz bu əsasda həyata keçirilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aşıq və söz sənətinin inkişafı və gələcək nəsillərə ötürülməsi sahəsində çox böyük işlər görürlər. 2009-cu ildə aşıq sənətinin UNECKO-nun Qeyri-maddi mədəni irs üzrə “Dünya sənət şedevrləri” siyahısına daxil edilməsi isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa diqqət və təşəbbüsünün göstəricisidir.

Ulu öndərimiz Heydər Əliyevin “milli varlığımızın möhtəşəm abidəsi” adlandırdığı “Dədə Qorqud” eposu və həmin ənənənin davamı olan “Koroğlu” dastanı xalqımıza məxsus mənəvi mədəniyyətin şah əsərləri kimi, məhz ozan-aşıq sənətinin bağrından qopmuşdur. Milli musiqi mədəniyyətimizin nadir incilərindən olan Üzeyir Hacıbəyovun “Koroğlu” operası aşıq musiqisi və eposu mədəniyyətimizdən qaynaq götürmüşdür. Bir çox Azərbaycan və xarici ölkə bəstəkarları öz əsərlərində dəfələrlə aşıq musiqisindən bəhrələnmişlər

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mədəniyyət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin müxtəlif sahələr üzrə gerçəkləşməsində gəncliyin üzərinə mühüm vəzifələr düşür. Bu gün aşıq sənətinə yenicə qədəm qoyan yenyeniyetmə və gənclərə dəstək durmaqla yanaşı, yeni istedadların üzə çıxarmaq vacibdir. Fikrimizcə, gənc nəsildə bu sənətə dərin maraq yaratmaq üçün kökə toxunmadan yeniliklər etmək lazımdır.

Aşıq yaradıcılığı xalqımızın mədəniyyətini dərin türk köklərinə bağlayır. Ona görə də Azərbaycan aşıq sənətinin öyrənilməsi, təbliği, dünyaya tanıdılması mədəniyyətimizin qarşısında duran vəzifələrdəndir. Fərəhləndirici haldır ki, son dövrdə bu iş ardıcıl şəkildə, elmi əsaslarla, yüksək səviyyədə aparılır. Zəngin mədəni irsimizin tərkib hissəsi olan aşıq sənətinin təbliği həm xalqımızın mənəvi təkamülünə, həm də dünya mədəniyyətinin bu sənət inciləri ilə zənginləşməsinə xidmət edir.

Türkün tarixi heç vaxt sazsız olmayıb. Türk atın belində, qılınc dəstində, saz çiynində olanda yenilməz olub. Odur ki, bəstəkarların yaradıcılığına da böyük təsiri olan bu sənət barədə dahi Üzeyir Hacıbəyov deyirdi: “Aşıq sənəti yaşamalıdır, çünki o, xalqa daha yaxın olub, xalqın yaşantılarını xalq musiqisinin başqa növlərindən fərqli olaraq daha dolğun ifadə edir”.

Kökü yüzilliklərin dərinliklərindən gələn, zəngin musiqi və söz resurslarına, teatral keyfiyyətlərə malik olan ozan-aşıq sənəti dilimizin, ruhumuzun qorunmasında, milli istiqlal, milli dövlətçilik düşüncəsinin daşınmasında, qəhrəmanlıq, yurdsevərlik duyğularının aşılanmasında tarixən olduğu kimi, bu gün də misilsiz rol oynamaqdadır.

Tədqiqatlar, araşdırmalar göstərir ki, aşıq sənətinin türk dünyasında ən çox inkişaf etdiyi məkan Azərbaycandır. Azərbaycan aşıq sənəti heç vaxt dar bir məkana qapanıb qalmayıb. Bütövlükdə regionun, yerləşdiyimiz coğrafiyanın problemləri ilə bağlı fikirlər burada öz əksini tapıb. Aşıq sənəti yaranıb formalaşdığı dövrün xüsusiyyətlərini özündə daşıyıb, dövrün tarixi ilə sıx bağlı olub.

Böyük bədii təsir gücünə malik olan, qəhrəmanlıq, alicənablıq, xeyirxahlıq kimi ali dəyərləri özündə yaşadan, əsrlər keçdikcə cilalanıb müasir səviyyəyə çatan, folklorumuzun zənginliyini təsdiq edən aşıq sənəti Azərbaycanda qədimdən inkişaf edib.

Türk mədəniyyətinin ortaq dəyəri olan aşıq sənətinin gələcək nəsillərə ötürülməsi, tanıdılması və təbliğatı sistemli olaraq birgə səylərlə həyata keçirilməlidir.

Cavid
Yazı “Folklor və Musiqi İrsini Təbliği” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aşıq sənətində gənclik və sənətin gələcəyi” layihəsi çərçivəsində hazırlanıb

Leave A Reply

Your email address will not be published.

Tərcümə »