Azərbaycanı Tehranın oyununa qurban etməyəcəyik

0

Güney Azərbaycanda bir ekoloji fəlakət yaşanır. Ermənistanın ABŞ ilə birgə yaratmağa çalışdığı metallurgiya zavodu isə ciddi mənada insanlarımızın həyatını təhlükəyə atacaq.

Bu sözləri Axar.az-a Təbriz Araşdırmaları Mərkəzinin başçısı və Ankara Universitetinin müəllimi Məhəmməd Rza Heyət metallurgiya zavodunun zərərlərindən danışarkən deyib.

Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsinin Güney Azərbaycanda ağır xəstəliklərin yaranmasına səbəb olduğunu deyən Rza Heyət bildirib ki, bu zavodun tikintisi xəstələrin sayını daha da artıracaq və ətraf mühitə ciddi ziyan vuracaq:

“İllərdir Ermənistan Metsamor AES-dən çirkli sənaye sularını Araz çayına axıdır. Bunun nəticəsində Güney Azərbaycanın Araza yaxın bölgələrində, xüsusilə də Ərdəbil və Muğanda mədə xərçəngindən əziyyət çəkənlərin sayı xeyli artıb. Bu bölgənin əhalisinin çoxu əkinçiliklə məşğuldur. Zəhərli su ilə əkin sahələri suvarılır və bu da insanların sağlamlığına ziyan verir. Su kirliliyi yalnız insanları deyil, bütün canlıları, mal-qaranı, bitkiləri də zəhərləyir. Ermənistanın ABŞ ilə birgə yaratmağa çalışdığı metallurgiya zavodu da bizi narahat edir. Çünki bu ərazidə yaşayan əhali ya ölümə məhkum olacaq, ya da bölgəni tərk edərək başqa yerlərə köç etmək məcburiyyətində qalacaq”.

Heyət Güney Azərbaycanda ekoloji fəlakətin yaşanmasında Ermənistanla yanaşı, məsələyə səssiz qalan İran rejiminin də məsuliyyət daşıdığını bildirib:

“Çox güman ki, İran rejimi Urmu gölünü qurutmaq, Ərdəbildə xərçəng xəstəliyinin yayılmasına göz yummaqla Güney Azərbaycanın boşalmasını və bölgənin demoqrafik strukturunu dəyişdirməyi planlayır. Biz vətəndaşlarımızı Tehranın ucuz siyasi oyunlarına qurban verə bilmərik. Ordakı hər bir insanın həyatı bizim üçün önəmlidir”.

Onun sözlərinə görə, son çarə beynəlxalq təşkilatlara müraciət etməkdir:

“Beynəlxalq təşkilatlara müraciət edəcəyik. Azərbaycan və Türkiyə dövlətləri də məsələni gündəmə gətirib”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »