Sadə, mehriban, qayğıkeş insandır. Gözündən heç nə yayınmır, diqqətlidir. Qarşısındakı adamların problemlərinə həssaslıqla yanaşır. Məntiqli və məzmunlu danışmağı bacarır. Ağayanə hərəkətləri, məğrurluğu, insanpərvərliyi onu tanıyanların gözündə daha da ucaldır…
Haqqında söhbət açmaq isdədiyim İlham Nəcəfov sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadənin qardaşıdır. 1963-cü ildə Bakıda dünyaya gəlib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət və M.Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyalarını klarnet və ney ixtisasları üzrə bitirərək, Azərbaycanın ilk ali təhsilli milli nəfəs aləti ifaçısı olub və milli musiqi tarixində ney ifaçısı kimi bir çox ilklərə imza atıb…
Azərbaycan aşiqidir. Bu millətin övladı olduğundan qürur duyur. Hara getdisə ölkəmizi yorulmadan təbliğ edir. O, həm də el-obasına bağlı adamdır, illərlə Bakıda yaşayıb yaratsa da Xızı ilə nəfəs alır, Xızıdan ilhamlanır. Necə deyərlər, əslini-nəslini dananlardan deyil…
Bəli, bütün ömrü boyu Azərbaycan mədəniyyətini təbliğ edib. Xeyli xarici səfərlərdə olub. İndiyədək Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına dövlət kamera orkestrinin müşayiətilə üç dəfə solo konserti baş tutub. Dövlət Akademik Opera və Balet Teatrında isə “Koroğlu”, “Qız Qalası”, “Vaqif”, “Gəlin Qayası” və “İntizar” operalаrının tamaşası üçün simfonik orkestr ilə solo zurna, balaban, tütək alətləri ifa etməklə mövzunun illüstrasiyalarına nail ola bilib. Milli musiqi tariximizdə ney aləti ifaçısı kimi ilk dəfə olaraq, onun Dövlət Teleradio Şirkətinin fonotekasında “Qızıl fond” üçün lentə alınan 40-dan çox muğam, mahnı və rəqsləri saxlanılır. Arif Məlikov, Süleyman Ələsgərov, Aqşin Əlizadə, Emin Sabitoğlu, Rauf Babayev, Ramiz Mirişli, Siyavuş Kərimi, Firəngiz Əlizadə, Eldar Mansurov və başqa Azərbaycan bəstəkarlarının filmlərə yazdıqları musiqilər məxsusi olaraq оnun ifa etdiyi ney aləti üçün nəzərdə tutulub. Aqşin Əlizadənin “5-ci Simfoniya”sının səsləndirilməsi üçün nəzərdə tutulan balaban, ney, zurna ifaçısı kimi və eləcə də, Firəngiz Əlizadənin məşhur violençel ifaçısı Yo-Yo Ma üçün bəstələdiyi “Dərviş” əsərinin tütək, ney ifaçısı olaraq “İpək yolu” transkontinental layihəsi üzrə Amerikanın, Avropanın, həmçinin dünyanın bütün qitələrinin ən nüfuzlu konsert salonlarında Azərbaycan mədəniyyətini uğurla tərənnüm edib. “YUNESKO” xətti ilə keçirilən dövlət əhəmiyyətli bir çox silsilə tədbirlərdə iştirak edib. Eləcə də 2018-ci ildə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsi üzrə və VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində və 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı Şəki şəhərində “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı konsert proqramlarında “Nəsimiyə ithaf” musiqili tamaşanın iştirakçısı olub. Heydər Əliyev Fondunun layihəsi üzrə “Azərbaycan Muğаmı” (“Humayun”, “Bayatı Şiraz”, “Bayatı kürd”-2009) və “Balaban” adlı kоmpakt disk toplularında və “Аvroviziyа mahnı müsabiqəsilə bağlı “Bizimkilər” layihəsində tələbələrlə birgə (“Yeni Nəfəs” qrupu) fəallıq göstərib. Və 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professorudur…
Maddiyat onun üçün bir vasitədir, mənəviyyat isə həyat kredosudur. Strategiyası təminatı düşünmədən yaşamaq və dərinliyinə vardığı hər bir ehtiyacı könüllü olaraq, bir kənara qoyub, yaşamağa davam etməkdir. Ruhən çox azaddır. Coşğunluq, nikbinlik ona enerji verən əsas mənbələrdir. Düşdüyü mühitə dərhal uyğunlaşa bilir, çətinlikləri asanlıqla dəf etməyi bacarır…
Bu gün, iyulun 6-da İlham Nəcəfovun 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram.
Elman Eldaroğlu