“Azərbaycan Makronu beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur edəcək”

0

Son vaxtlar Emmanuel Makronun yarıtmaz idarəçiliyi nəticəsində elə bir durum yaranıb ki, Fransa liderinin xarici siyasət sahəsində atdığı hər bir addım artıq bu ölkənin öz əleyhinə çevrilir. Bu günlərdə Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirləri də bizim üçün qəbuledilməz olmasıyla bərabər, həm də Fransanın özünü ifşa edir. Makronun sərsəm fikirləri onu göstərir ki, Fransa dövləti BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olmasından və Avropa İttifaqının fəaliyyətdə olan sədri olmasından sui-istifadə edərək bu və ya digər ölkələrin, o cümlədən Azərbaycanın daxili işlərinə fəal surətdə müdaxilə edir.

Ən təəccüblüsü də budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ bölgəsini ölkəmizin tərkib hissəsi kimi tanıdığını dəfələrlə bəyan etdiyi halda, Fransa prezidenti isə necə deyərlər, ermənilərdən də artıq ermənilik etmək istəyərək, anti-Azərbaycan çıxışları ilə gündəmə gəlir, ölkəmizin əleyhinə qərəzli bəyanatlar səsləndirir və bölgədə qalıcı sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına mane olmaqla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri açıq şəkildə separatçılıq və terrorçuluğa təşviq edir və bu istiqamətdə gördüyü işlər barədə Fransa Erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri, daşnak Murad Papazyana hesabat verir.

Makronun bu hərəkətləri təkcə beynəlxalq hüququn prinsiplərinə qarşı hörmətsizliyi deyil, bu həm də Fransa kimi bir dünya gücü üçün rəzalətdir. Qlobal siyasətdə önəmli rol oynayan Fransanın bu gün məhz Makronun ucbatından erməni lobbisindən asılı vəziyyətə düşməsi ilk növbədə Fransanın özünü nüfuzdan salır və ona olan etimadı sarsıdır. Bu ölkəyə artıq heç bir halda güvənmək olmaz. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyev tamamilə haqlı olaraq Fransa liderinin vasitəçilik rolundan kənarlaşdırılmasına və danışıqlar prosesindən təcrid edilməsinə nail olub. Makron yaxşı başa düşür ki, Azərbaycanla, onun lideri ilə diktə dili ilə danışa bilməz. O, erməni lobbisinin rəhbərlərindən biri olan M.Papazyana verdiyi hesabatında da bunu etiraf edib.

Azərbaycan-Ermənistan sülh danışıqları prosesində Vaşinqton və Brüssel formatlarını süni surətdə tormozlamağa və arxa plana salmağa çalışan, Cənubi Qafqaz regionunda təsir imkanlarına yiyələnərək özünü həlledici qlobal lider kimi təqdim etmək istəyən Fransanın dövlət başçısı Emmanuel Makronun xarici siyasəti məhz Azərbaycan liderinin qətiyyətli mövqeyi nəticəsində davamlı olaraq uğursuzluqla üzləşir. Başqa sözlə desək, Azərbaycan Makronu beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur edəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »