“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası” layihəsinə start verib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunan layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında Vətən müharibəsində əldə edilən qələbə ilə yanaşı hakimiyyət-ordu-xalq birliyi və vəhdətini, əsgərlərimizin cəsurluğunu təbliğ etməkdir.
QHT sədri Könül Quliyeva qeyd edib ki, bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir: “Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümdür. Cəmiyyətdə vətənpərvərlik ruhunun inkişafı, xüsusən yeniyetmələr, gənclər arasında milli vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsinə həmişə aktual olmalıdır. Həmçinin dövlət siyasətinə uyğun olaraq gənc nəslin və gənclərin təlim-tərbiyəsində vətənpərvərlik duyğularının aşılanması vacibdir. Gənc nəsil vətənpərvər olmalı, millətini, torpağını, dövlətini, dövlətçiliyini qoruyub saxlamağı bacarmalıdır. Onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir”.
Qeyd edək ki, layihə 3 ay davam edəcək, mövzu ilə bağlı 5 yazı, 1 sosial çarx hazırlanacaq və hər biri 5 yerli internet resursunda ictimailəşdiriləcək.