İyun 7-də əməkdaşlıq çərçivəsində BƏƏ-in Bakıdakı səfirliyi, Dubay Palatası və DP World BƏƏ – beynəlxalq ticarət və logistika məkanı mövzusuna həsr edilmiş vebinar keçirilib.
Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, tədbirdə çıxış edən Missiya rəhbərinin müavini cənab Abdalla Alshamsi Birləşmiş Ərəb Əmirliklərinin dünya səviyyəli beynəlxalq ticarət və logistika məkanı kimi nailiyyətlərindən danışdı. “Avropa, Afrika və Asiyanın kəsişməsində yerləşən BƏƏ qlobal ticarət şəbəkəsində unikal mövqeyə malikdir”, deyən cənab Alshamsi qeyd etdi ki, BƏƏ-nin innovasiyalara sadiqliyi Əl Maktum Beynəlxalq Hava Limanı və Dubay Beynəlxalq Hava Limanının genişləndirilməsi kimi dünya səviyyəli hava daşımaları obyektlərinin inkişafına səbəb olub. O vurğuladı ki, fiziki infrastrukturdan əlavə, BƏƏ həm də çoxmillətli korporasiyaları və kiçik biznesləri cəlb etmiş olan biznes üçün əlverişli mühit yaratmışdır.
Sonda cənab Alshamsi Azərbaycandan olan iş adamlarını BƏƏ investisiya fürsətlərindən faydalanmağa dəvət etdi.