Son illər ölkəmizin xarici siyasətində Avropa İttifaqına daxil olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi xarici siyasətimizdə əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Yaxın münasibətlərin olduğu bu dövlətlər içərisində Avropa İttifaqının və NATO-nun üzvü olan Litvanın xüsusi yeri var. Azərbaycanla Litvanın hələ Sovetlər dönəmində bir ittifaqda yer alması iki dövlət arasında hərtərəfli əlaqələrin qurulmasında xüsusi önəm kəsb edib. Sovet İttifaqının dağılması və hər iki dövlətin müstəqilliyini bərpa etməsi nəticəsində qarşılıqlı münasibətlər mahiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Xüsusi qeyd etməliyik ki, Litva ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Aradan ötən müddət ərzində dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və iki dövlət arasında imzalanmış anlaşmalar münasibətlərin dərinləşməsinə imkan yaratmışdır. Bakı və Vilnüs arasındakı münasibətlərin hüquqi bazası indiyədək imzalanmış 40-dan çox sənədlə tənzimlənməkdədir. Xüsusilə iki dövlət arasında 2007-ci ildə imzalanmış Bəyənnamə mühüm əhəmiyyət kəsb etməklə yanaşı iki dövlət arasında münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qədər yüksəltmişdir.
Qeyd etməliyik ki, yüksələn xətlə inkişaf edən Azərbaycanla Litva arasında münasibətlər və qarşılıqlı əməkdaşlıq bir sıra istiqamətlər üzrə genişlənməkdədir. Belə ki, hazırda iki dövlət arasında əlaqələr enerji, ticarət, qarşılıqlı investisiya, təhsil, səhiyyə və digər sahələri əhatə etməkdədir. Eyni zamanda iki dövlət arasında tərəfdaşlığın ən mühüm məqamlarından biri isə Litva dövlətinin Azərbaycanın ərazi bütövlüyünə, həmçinin ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığının möhkəmlənməsinə dəstək nümayiş etdirməsidir.
Hazırda dünyada mövcud geosiyasi vəziyyətin fonunda Azərbaycanla Litva dövlətləri yeni çağırışlarla üz-üzədir. Mövcud vəziyyət əməkdaşlıq əlaqələrinə yeni istiqamətlərin əlavə olunmasını zəruri edir. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının may ayının 22-də Litva Respublikasına növbəti səfəri və dövlət başçıları səviyyəsində keçirilmiş görüş, iki dövlət arasında Biznes Forumun keçirilməsi Azərbaycanla Litva arasında münasibətlərin inkişafı baxımından yeni perspektivlərin müəyyən olunması istiqamətində olduqca əhəmiyyətlidir. Dövlət başçılarının mətbuata verdikləri bəyanatlardan da aydın hiss edilirdi ki, iki dövlət arasında əlaqələr bundan sonra da yüksək səviyyədə inkişaf edəcəkdir.
Rusiya və Ukrayna arasında davam edən müharibə Avropanın xarici siyasətində bir sıra köklü dəyişikliklərə gətirib çıxarmışdır. Nəzərə alsaq ki, Avropanın əsas enerji tədarükçüsü rolunu oynayan Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsi Avropanın enerji təminatında bir sıra problemlərin ortaya çıxmasına gətirib çıxardı. Alternativ bazarlara yönələn Avropa dövlətləri üçün isə Azərbaycan etibarlı tərəfdaş rolunu oynamaqdadır. Bu baxımdan Azərbaycanla Litva arasında enerji sahəsində əməkdaşlıq əsas yerlərdən birini tutur. Azərbaycanla Litva arasında əlaqələrin bundan sonra daha da inkişaf etdiriləcəyini qeyd edən cənab Prezident öz çıxışında enerji təhlükəsizliyi sahəsində həyata keçiriləcək planların əhəmiyyətindən bəhs edərək bildirdi ki, “Avropanın enerji xəritəsi Azərbaycanın təşəbbüsləri sayəsində kəskin dəyişib”. Bundan əlavə hazırda Azərbaycan və Litva arasında həm iqtisadiyyat, həm də sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur.
Sevindirici haldır ki, hazırda mövcud geosiyasi durumda Azərbaycanın mövqeyi və dünya birliyində tutduğu yer bir daha ölkəmizin qüdrətinin bütün dünyaya nümayişi və Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü müdrik siyasətin məntiqi nəticəsidir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri