Bu gün Alman faşizmi üzərində qələbədən 78 il keçir. Mənfur faşizm üzərində Qələbə günü münasibətilə bütün veteranlarımızı təbrik edir, ölkəmizə sülh və tərəqqi, erməni faşizminə isə alman faşizminin aqibətini arzulayırıq.
İndi alman faşizmi üzərində qələbəni öz adına çıxmağa, onu özününküləşdirməyə çalışan dövlətlər və xalqlar meydana çıxıb. Tarixi həqiqətləri qəsdən təhrif etməyə cəhd göstərənlərin sayı ilbíl artır. Xüsusən də ruslar və amerikanlar alman faşizmi üzərində qələbəni öz xidmətləri kimi təqdim etmək yarışına girişiblər. Lakin tarixi gerçəklikləri heç kim inkar edə və dəyişdirə bilməz. İkinci Dünya müharibəsində qazanılmış qələbə ümumi qələbədir. Bu Qələbədə əksər xalqların töhfəsi olduğu kimi Azərbaycan xalqının da böyük payı var.
İkinci Dünya müharibəsində mübariz xalqımızın 600 mindən çox oğul və qızı fəal iştirak edib, Mozdokdan tutmuş Adriatik sahillərinə qədər ən müxtəlif cəbhələrdə alman faşizminə qarşı döyüşüb. 402-ci və 416-cı Azərbaycan diviziyaları düz Berlinədək şanlı döyüş yolu keçiblər. Bizim partizanlar İtaliya, keçmiş Yuqoslaviya, Fransa kimi bir çox Avropa ölkələrinin hitlerçilərdən azad edilməsində xüsusi fədakarlıq və qəhrəmanlıq göstəriblər.
Ən əsası isə faşizm üzərində qələbənin qazanılmasında Bakı neftinin fövqəladə əhəmiyyətini heç kim dana bilməz. Belə ki, 1941-1945-ci illərdə sovet-alman cəbhəsində hər beş təyyarənin, hər beş tankın dördü məhz yüksək keyfiyyətli Bakı benzini ilə hərəkət edib. Bu mənada, əgər Bakı nefti olmasaydı, keçmiş SSRİ-nin faşist Almaniyası üzərində qələbə qazanması həqiqətən də qeyri-mümkün olardı. Lakin təəssüf ki, həmin vaxt bütün imkanları ilə Qələbəyə töhfə verən Azərbaycan xalqına qarşı Stalin rejimi tərəfindən haqsızlıq edildi, Bakıya Qəhrəman şəhər statusu verilmədi.
Bu gün də Azərbaycan eyni haqsızlıqlarla üzləşir və erməni faşizminə qarşı mübarizəni təkbaşına aparmalı olur. Biz nasizm üzərində qələbənin 78-ci ildönümündə irqçilik, ksenofobiya, terrorizm, separatçılıq və faşizm kimi həm Cənubi Qafqazda, həm də beynəlxalq miqyasda sülhə təhlükə törədən hallara qarşı birgə mübarizə aparılmasını istəyirik. Hitler faşizminə xüsusi canfəşanlıqla xidmət etmiş Qaregin Njde kimi erməni faşistlərinin “qəhrəman”laşdırılmasına və İrəvanda abidəsinin ucaldılmasına dünya birliyi göz yummamalıdır. Bütün antifaşistlər Azərbaycanın haqq səsinə dəstək verməlidir.
Biz İkinci Dünya müharibəsində nasizm üzərində tarixi qələbənin qazanılmasının 78-ci ildönümündə, bütün bəşəriyyəti “olum, ya ölüm” təhdidi ilə üz-üzə qoymuş alman faşizminə qarşı mübarizədə payı olan hər kəsin, o cümlədən bu müharibədə öz canlarını fəda etmiş 300 mindən çox qəhrəman azərbaycanlıların əziz xatirəsini dərin hörmət və ehtiram hissilə yad edir, müharibə və əmək veteranlarını isə 9 May – Qələbə Günü münasibətilə ürəkdən təbrik edirik.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri