Əfv siyahısı bu ay Prezidentə göndəriləcək – Onların arasında “ömürlüklər” də var

0

Gələn ay Azərbaycanda əfv sərəncamının imzalanması gözlənilir. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək budəfəki əfv sərəncamında ömürlük məhbusların da yer alacağı bildirilir. Prezident yanında Əfv Məsələləri Komissiyasının indiyədək keçirilən iclaslarda 1700-ə yaxın müraciətə baxılıb. Onların arasında ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin azadlığa buraxılması ilə bağlı müraciətlərin də olduğu bildirilib.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, bu ilin yanvar ayından bəri 13 iclas keçirilib.

“Əfv Komissiyası yanvar ayından bəri 13 iclas keçirib. İclaslarda 1700-ə qədər müraciətə baxılıb. Əfv Komissiyasının növbəti iclasının olması gözlənilir. Ümid edirən ki, iclaslar aprel ayının sonuna qədər başa çatacaq. Bütün müraciətlərlə bağlı rəylər cənab Prezidentə təqdim olunacaq. Kimin əfv olunub-olunmayacağı ilə bağlı son qərarı məhz Prezident verəcək”.

Onun sözlərinə görə, ömürlük məhkumlardan müraciət edənlərin əfv olunması istisna deyil:

“Müxtəlif kateqoriyalar üzrə məhkum olmuş şəxslər müraciət edib. İbtidai, şəxsiyyət əleyhinə cinayət törətmiş şəxslər arasında da müraciət edənlər var. Müxtəlif kateqoriyalar üzrə cinayət törətmiş şəxslərin yaxınları, nümayəndələri müraciətlər edib. Onların əfv olunması ilə bağlı vəsatətlər var. Bundan əvvəlki əfv sərəncamına diqqət yetirsək, görərik ki, onların arasında ömürlük məhbus olunmuş şəxslər də olub. Ona görə də, belə hallar bu dəfə də istisna olunmur. Cəzasının 10 ilini çəkdikdən sonra ömürlük məhbus olmuş şəxslərin əfv üçün müraciət hüququ yaranır. Yenə son qərarı cənab Prezident verəcək”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu vurğulayıb ki, bu il böyük əfv olacaq.

“Biz çox adamın adını hazırladığımız siyahıya daxil etmişik. Ömürlük məhbus olanlarla bağlı məsələ qaldırmışıq. Ömürlük məhbus olanlardan cəzasının 20 ilini çəkmiş şəxslərin əfv olunmasını istəyirik. Söhbət asi, qatı cinayətkarlardan getmir. Söhbət cəmiyyətə zərər gətirməyənlərin əfv olunmasından gedir. “Qaranquşlar”, “OMON”çular var. Bu dəfə böyük əfv olunmalıdır. Böyük ümidlə gözləyirik”, – deyə hüquq müdafiəçisi qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »