Layihə çərçivəsində akademik Vaqif Abbasovla tələbələrin görüşü keçirilib – FOTO +VİDEO

0

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin ölkənin tanınmış ziyalıları, elm və ictimai, siyasi xadimləri ilə görüşləri davam edir.

Avrasiya.net xəbər verir ki, bu dəfə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, kimya üzrə elmlər doktoru, akademik Vaqif Abbasovun qonaqları Prezident yanında Dövlət İdarəçilik Akademiyasıının Siyasi və İdarəetmə fakültəsinin Dövlət və İctimai münasibət ixtisasının ikinci kurs tələbəsi Musabəy Babayev və Bakı Slavyan Universitetinin Təhsil fakültəsinin Məktəbəqədər Təhsil ixtisasının birinci kurs tələbəsi Fidan Bəndiyeva olublar.

Akademik ölkəmizdə gənclər siyasətindən, gənclərin ictimai fəallığından bəhs edərək bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsinə başlayıb. Bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradır. Bu imkanlardan zəruri şəkildə yararlanmaqla gənclər inteqrasiya, iştirakçılıq, mübadilə, faydalanma imkanı qazana bilərlər.

Akademik qeyd edib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Görüş zamanı kimya elmində baş verən mühüm yeniliklərdən söz açan akademik onu da qeyd etdi ki, XXI əsrin əsas elmlərindən biri kimya elmidir. Kimya elmi inkişaf edir, şaxələnir və gənclərin təbiət elminə marağı güclənir. Bu gün şagirdlərimiz, tələbələrimiz beynəlxalq olimpiadalarda kimya, fizika, riyaziyyat sahəsində böyük uğurlar qazanırlar. Gənclərə ümidim böyükdür, onlar məndə optimist hisslər yaradırlar. Gənclərin insan kapitalının inkişafı naminə töhfələr verəcəyinə inanırıq və onların inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik.

Sonda akademik müasir dövrdə cəmiyyəti, xüsusilə də gəncləri düşündürən aktual problemlərlə bağlı tələbələrin suallarını cavablandırıb və öz tövsiyələrini verib.




Leave A Reply

Your email address will not be published.

Tərcümə »