İdmançılarımız hələ yarışda iştirak etməyə imkan tapmamış, artıq çempionatın açılışında qonşularımız əsl simalarını göstərdilər – turnirin təşkilatçılarından biri Aram Nikolyan Azərbaycan bayrağını yandırdı.
Ağır atletlərimizin çempionatda iştirakının təsdiqini gözlədiyimiz vaxt Ermənistan tərəfi onların tam təhlükəsizliyinə vəd verirdi.
Oxu.Az-a daxil olan, Ermənistan tərəfindən Avropa Ağır Atletika Federasiyasının baş katibi Milan Mixayloviçə göndərilən və Ermənistan Baş Naziri Aparatının rəhbəri Arayik Arutyunyan tərəfindən imzalanan sənəddə Azərbaycan idmançılarına tam təhlükəsizlik vəd edilib.
Sənəddə deyilir:
“…Bundan əlavə, biz Azərbaycan Ağır Atletika Federasiyasının tələb etdiyi bütün xüsusi təhlükəsizlik tədbirlərini təmin etməyə hazır olduğumuzu bildiririk.
O cümlədən:
– Azərbaycan nümayəndə heyətini Tbilisi hava limanından İrəvana Ermənistan nümayəndələri müşayiət edəcəklər;
– Azərbaycan nümayəndə heyəti İrəvan hava limanında qarşılanacaq, giriş vizası və hotelə transferlə təmin olunacaq;
– Azərbaycan nümayəndə heyəti digər ölkələrin nümayəndə heyətləri ilə eyni hoteldə qalacaq;
– Hoteldən yarış/məşq yerinə təhlükəsiz transfer təşkil olunacaq;
– Bütün müvafiq hallar üçün lazımi təhlükəsizlik tədbirləri görüləcək”.
Bütün bunlar Ermənistanın belə beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. Bizim və bütün dünyanın gördüyü kimi, əslində, Ermənistan nəinki idmançıların təhlükəsizliyini təmin etməyi, heç özünü ləyaqətlə aparmağı da bacarmadı. Yanğın törədəni bütün əvvəlki təxribatçılar və qatillər kimi “qəhrəman” etdilər: Baş verənlərlə bağlı cinayət işi açılmadı – istintaqın ilkin mərhələsində istintaq orqanı “cinayət tərkibinin olmadığını” bildirdi.
Bu azmış kimi Ermənistanın idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etmək öhdəliyinə baxmayaraq, onlar mehmanxanadan buraxılmırlar.