Milli Həmrəylik Partiyası (MHP) pis hava şəraitində yolu azaraq Ermənistan ərazisinə keçmiş 2 əsgərimizə qarşı Ermənistanın güc strukturları və mülki şəxsləri tərəfindən yol verilmiş qeyri-insani rəftarla bağlı etiraz bəyanatı yayıb.
Partiyanın bəyanatında deyilir:
“44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğraması nəticəsində 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qalan və kapitulyasiya sənədinə – 10 noyabr üçtərəfli razılaşmasına imza atan Ermənistan bu gün yekun sülh sazişinin imzalanmasına səy göstərmək əvəzinə, revanşizmə can atır və davamlı təxribatları ilə, hüquqa və insanlığa zidd davranışları ilə sülhə yaxınlaşma prosesini pozur.
Bugünlərdə Ermənistan tərəfindən daha bir qeyri-humanist, insanlığa zidd davranış diqqət mərkəzinə gəlib. Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən iki əsgərimiz azaraq itkin düşüb və onlar Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları və digər şəxslər tərəfindən qolları bağlı şəkildə işgəncəyə məruz qoyulub”.
Partiya qeyd edir ki, 2003-cü il təvəllüdlü əsgərimiz Axundov Hüseyn Əhliman oğlunun ermənilər tərəfindən amansız işgəncələrə, qeyri-insani rəftara məruz qalmasını sübut edən video və foto görüntülərin Ermənistanın kütləvi informasiya vasitələrində və ermənilərə məxsus sosial şəbəkə hesablarında yayılması bir tərəfdən necə barbar və vəhşi bir toplumla qonşu olduğumuzu, digər tərəfdən isə Ermənistanın beynəlxalq konvensiyalara əməl etmədiyini və beynəlxalq hüquq qarşısında heç bir məsuliyyət daşımadığını göstərir. Bu ölkə əsir götürülən hərbçilərin hüquqlarının qorunmasına dair Cenevrə konvensiyalarını təsdiq etsə də, lakin silahsız Azərbaycan əsgərinə qarşı qeyri-humanist münasibət nümayiş etdirib:
“Eyni zamanda erməni ictimaiyyətinin hərbçilərimizin qeyri-insani davranışa məruz qalmasına qeyri-adekvat reaksiyası da heyrətləndirici haldır. Belə ki, millətçilik və irqçilik zəhərinin təsiri nəticəsində zombiləşmiş adi, sıravi ermənilər sosial şəbəkələrdə yayılan həmin əsgərimizə qarşı vəhşicəsinə rəftarın görüntüləri ilə qürur duyurlar. Bu cür tükürpərdici hallardan sonra artıq bütün dünya Ermənistan dövlətinin və erməni toplumunun tamamilə faşist-terrorçu dövlətə, irqçi-şovinist topluma çevrildiyini bir fakt kimi görməli və etiraf etməlidir”.
Biz Milli Həmrəylik Partiyası olaraq əsgərimizə qarşı bu qəddar cinayəti qəti şəkildə pisləyir, beynəlxalq ictimaiyyəti isə Ermənistan hökumətinin və cinayətin icraçılarının əməlinə müvafiq hüquqi qiymət verməyə çağırırıq. Dünya birliyi ermənilərin bu vəhşiliyinə biganə qalmamalıdır. Beynəlxalq hüququn və ədalətin keşiyində duran qurumlar azğın erməni faşizmini dayandırmaq üçün təcili tədbirlər görməlidir:
“Həmçinin müvafiq beynəlxalq qurumları və Ermənistana havadarlıq edən dövlətlərin liderlərini də ermənilər tərəfindən amansız işgəncələrə məruz qalan, qeyri-insani rəftarla üzləşən azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq. Əsgərlərimizə qarşı törədilən vəhşiliklərin foto və videogörüntülərini izləyən heç bir lider və heç bir beynəlxalq qurum bu gün erməni barbarlığına göz yummamalıdır. Belə bir məqamda susmaq, etinasız qalmaq erməni faşizmini dəstəkləmək deməkdir”.