Bəzi ölkələrin açıq-aşkar ermənipərəstliyinə artıq vərdiş etmişik. Həmin ölkələrin ən başda gələnlərindən biri isə məhz Fransadır və bu ölkə ötən gün növbəti dəfə ənənəvi ermənipərəst mövqeyini bir daha nümayiş etdirib.
Fransa Xarici İşlər Nazirliyinin (XİN) Laçın istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla bağlı aprelin 12-də günahkar tərəfə deyil, Azərbaycana qarşı ittihamlarla dolu bəyanat yayması bu ölkənin heç vaxt ədalətli mövqe tutmayacağını göstərir.
Azərbaycanı Ermənistanın “ərazi bütövlüyünə hörmət” etməyə çağıran Fransa tərəfi ilk növbədə özü Azərbaycanın ərazi bütövlüyünə və bütövlükdə beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır.
Fransa prezidentinin və fransız parlamentarilərinin beynəlxalq hüquqla bağlı ciddi surətdə maariflənməyə ehtiyacları var. Ümumiyyətlə, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın özünə ədalət və obyektivlik dərsi keçmək lazımdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri