İsrailin Azərbaycandakı səfirliyi məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub.
Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək.
***
Bu gün İsrail səfirliklərinə Baş nazir Benyamin Netanyahunun məhkəmə sistemi ilə bağlı islahatlarına qarşı tətilə qoşulmaq çağırışı edilib.
APA “Reuters“ə istinadən xəbər verir ki, bu çağırış İsrailin ən böyük Həmkarları İttifaqı – “Histadrut”un məktubunda yer alıb.
Məktubda Xarici İşlər Nazirliyinin ölkədəki və xaricdəki fəaliyyətlərinin fövqəladə xidmətlərlə məhdudlaşacağı bildirilib.
Artıq İsrailin müxtəlif ölkələrdəki səfirlikləri ümummilli tətilə qoşulduqlarını sosial media hesablarından bəyan ediblər.
“Bu gün İsrailin ən böyük həmkarlar ittifaqı olan “Histadrut” bütün dövlət işçilərinə, o cümlədən İsrailin dünyadakı diplomatik nümayəndəliklərində tətil elan etməyi tapşırıb. İsrail səfirliyi bu gün növbəti xəbərdarlığa qədər bağlı olacaq və heç bir konsulluq xidməti göstərilməyəcək”, – İsrailin ABŞ-dakı səfirliyin mətbuat katibi Elad Strohmayer paylaşımında bildirib.
İsrailin İtaliyadakı səfirliyinin sözçüsü Smadar Şapiura da bu gün səfirliyin və konsulluğun bağlı olacağını “Twitter” hesabında bildirib.
İsrailin Cənubi Afrika Respublikası, Belçikada, Estoniya və Finlandiyadakı səfirlikləri də bu gün bağlı olacaqları barədə açıqlama yayıblar.