Anar 85 yaşını qeyd edir

0

Bu gün xalq yazıçısı, görkəmli nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin 85 yaşı tamam olur.

Kult.az xəbər verir ki, Anar Rəsul oğlu Rzayev 1938-ci ildə Bakı şəhərində anadan olub.

O, ana tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir.

Anar Rzayev məşhur “Altmışıncılar” nəslinin ən parlaq nümayəndələrindəndir.

Yaradıcılığa yeniyetməlik dövründən başlasa da, ilk mətbu hekayəsi 1960-cı ildə “Azərbaycan” jurnalının dekabr sayında dərc olunan “Keçən ilin son gecəsi” və “Bayram həsrətində”dir.

Onun əsərləri əsasında bir çox filmlər ərsəyə gətirilib. Ssenari müəllifi olduğu filmlər arasında “Gün keçdi”, “Dədə Qorqud”, “Otel otağı”, “Qəm pəncərəsi”, “Üzeyir ömrü” kimi sevilən və tanınan işlər var.

Yazıçı 90-cı illərindən bəri üzərində işlədiyi “Əsrim, əslim, nəslim” adlı xatirələr romanında nəyə görə atasının soyadını niyə Rzayev olaraq dəyişdirilməsinə aydınlıq gətirib:

“1928-ci ildə yazdığı “Dilarə” hekayəsi 18 yaşlı Rəsul Rzanın ilk nəsr təcrübəsidir. Hekayədə komsomol ruhlu bir cavanın xanlara-bəylərə qəzəbli sinfi münasibəti duyulmaqdadır. Bəlkə onun inqilabçı əqidəli gənclik çağında xan soyadından imtina edib kommunist dayısı Məhəmmədhüseyn Rzayevin familiyasını qəbul etməsi altı yaşında atasız qalandan sonra ona atalıq etmiş dayısına ehtiram əlaməti yox, həm də mənsub olduğu silklə bağlarını büsbütün qırmaq istəyindən irəli gəlirdi”.

Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını 1991-ci ildə Anar aparıb. Həmçinin, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib və mədəniyyət komissiyasının sədri olub.

Anar 1991-ci ildən bu günədək AYB-nin müxtəlif qurultaylarında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »