Bu ölkədə Qurban Qurbanovu sevmirlər

0

Qurban Qurbanov büt deyil.

Onu da tənqid etmək olar. Hətta edilməlidir də. Həm özünün, həm də futbolun inkişafı naminə.

Yəni Qurban Qurbanovun tənqid olunması tam məntiqlidir. Hətta futbol olmayan ölkənin komandasından avrokuboklarda qalib gəlməyi tələb etməkdə də məntiq tapmaq olar.

Amma “Qurban Qurbanov istefaya getməlidir, daha üst “level” gəlməlidir” tələbi…

Bu, tənqid deyil, dostlar. Bu, intriqadır. Bu, uğur qazanan azərbaycanlını baltalamaqdır, linç etməkdir. Ya bilməyərəkdən, ya da… Bu, elə ölkədəki kadr siyasətinə adekvat tələbdir.

“Üst level” deyəndə kimi nəzərdə tutursunuz? “Xəzər Lənkəran”a gələn Con Toşakı, ya Mirça Redniki, Mustafa Dənizlini? Hələ digər komandalara gətirilən “üst level”ləri demirəm. Nə etdilər, nə verdilər bu ölkənin futboluna? Kərəni kürə etmədikləri bəlli? O “üst level”iniz niyə, məsələn, “Neftçi”yə gətirmirsiniz?

Gətirin, “Neftçi”ni də çox demirəm, “Qarabağ” səviyyəsinə çatdırsın o “üst level”. Axı bu ölkədə xalqın pulunu “Qarabağ”a yox, “Neftçi”yə ayırırlar. Pulunuzun davasını niyə aparmırsınız? Niyə Qurban getməlidir? Yəni bu ölkədə “Qarabağ”dan savayı komanda yoxdur ki, səviyyəli məşqçinizi ora gətirəsiniz? Bu yoxluq o demək deyil ki, heç Qurban Qurbanovdan da yoxdur bu ölkədə. Yəni sizə aydın deyil ki, Qurban Qurbanov olmasa, bu “Qarabağ” olmayacaq? Lap Mourinyonu da gətirsəniz.

Yəni sizin məntiqiniz o qədər qırılıb ki, hansı ölkədə yaşadığınızı, hansı kadrların sizə göstəriş verdiyini bilmirsiniz?

Yəni bilmirsiniz ki, bu ölkədə Qurban Qurbanovu sevmirlər, sevənlərin də əlində heç bir səlahiyyət yoxdur? Yəni başa düşmürsünüz ki, bu ölkəyə Qurban yox, Rövnəq Abdullayev, Elxan Məmmədov, Mahir Məmmədov, Elşad Nəsirov, İsgəndər Cavadov, Vaqif Sadıqov, Rauf Əliyev, Zaur Axundov, Kamran Quliyev, Maqsud Adıgözəlov, Oqtay Abdullayev lazımdır? Nə vaxt onları istefaya çağırdınız? Guya çağırsaydınız, sizi it yerinə qoyan olacaqdı bu ölkədə? Bu ölkəyə onlar lazımdır, Qurban Qurbanov yox.

Və bu gün “Qurban getməlidir” deməklə, Rövnəqin, Elxanın əlinə oynadığınızın fərqindəsiniz?

Kimdir günahkar? Heç şübhəniz olmasın ki, Qurban Qurbanovdur. 2009-cu ilin iyul ayında “Rusenburq”la oyuna baxmağa gedəndə hamımız “Qarabağ”ın böyük hesabla uduzacağını düşünmürdük? Düşünürdük! “Qarabağ” böyük hesabla məğlub olsaydı, kimsə Qurban Qurbanovu istefaya çağıracaqdı? Çağırmayacaqdı. Məğlubiyyət sindromuna alışmış azarkeşdə bu tələb haradan ola bilərdi? Məğlub xarakterli azarkeşi qalib xarakterə kim yüksəltdi? Qurban Qurbanov!

Öz günahındır, çək, Qurban Qurbanov. Amma həm də sevin. Sevin ki, sənin istefanı məğlub xarakterli adamlar yox, qalib xarakterli insanlar istəyir. Necə deyərlər, kişinin də qoluna gərək qandalı kişi vursun axı.

Öz günahındır, çək, bu günahı da çək, Qurban Qurbanov (aut.az).

Natiq Muxtarlı – https://www.sportinfo.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »