Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın mövcudluğunu diqqətə çatdırıb.
Azərbaycan, Türkiyə və Gürcüstanın ikitərəfli və üçtərəfli əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirən nazir bunun regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.
General-polkovnik Z.Həsənov Qarsda keçirilən “Qış təlimi – 2023”də hərbi qulluqçuların yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd edərək, birgə təlimlərin ordularımız arasında təcrübə mübadiləsində və döyüş qabiliyyətinin daha da yüksəldilməsində mühüm rol oynadığını bildirib.
Müdafiə naziri Cənubi Qafqazın ölkə rəhbərlərinin iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasdakı görüşün əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun” sözlərini xatırladan nazir regionda sülhün təmin olunması istiqamətində görülən işlərdən danışıb.
General-mayor G.Matiaşvili səmimi qəbula görə minnətdarlığını ifadə edib. Ölkələrimiz arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional təhlükəsizliyə töhfə verdiyini qeyd edib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.