“Güney Azərbaycan türklərinə sahib çıxmaq istiqamətində hərəkət etməliyik”

0

Hazırda İran-Azərbaycan münasibətlərində gərginliyin davam etdiyi, mollaların günahı üzündən sərt ritorika və qarşılıqlı ittihamların müşahidə edildiyi bir məqamda, Ümid Partiyasının Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri ilə görüşümüzü təşkil etməsini Milli Həmrəylik Partiyası (MHP) olaraq yüksək qiymətləndiririk.

Ümid Partiyasının mənzil-qərargahında Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların, Qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin görüşünün keçirilməsi güneyli soydaşlarımıza mənəvi-siyasi dəstək verilməsi baxımından olduqca önəmlidir. Tədbirə ev sahibliyi edən Ümid Partiyasının sədri İqbal Ağazadənin əlaqələndiricilik rolunu da xüsusi qeyd etməliyik.

Quzeydəki siyasi partiyaların və ictimai təşkilatların Güneydəki soydaşlarımızın haqq və hüquqlarının müdafiəsi üçün bir araya gəlməsi, toplaşması təqdirəlayiq haldır və çox vacibdir. Mən də bu görüşdə Milli Həmrəylik Partiyasının adından çıxış edərək Güney Azərbaycandakı soydaşlarımızı tək qoymayacağımızı bəyan etdim. Zatən Prezident İlham Əliyev də noyabrın 25-də ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı qeyd etdi ki, biz İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Bu bizim mənəvi, milli borcumuzdur.

İranın fars-molla rejimi bütün maskalarını çıxarıb yerə atıbsa və bizə qarşı dost deyil, düşmən mövqeyini açıq şəkildə nümayiş etdirməyə, Azərbaycanla təhdid dilində danışmağa, işğalçı Ermənistanı isə özünün strateji müttəfiqi kimi dəstəkləməyə başlayıbsa, o zaman biz də Güney Azərbaycan türklərinə sahib çıxmaq istiqamətində hərəkət etməliyik. Biz bu istiqamətdə vahid mövqedən çıxış edən bütün partiya və təşkilatlarla güclərimizi birləşdirməyə, milli birlik və siyasi həmrəylik mövqeyindən çıxış etməyə hazırıq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »