Media sahəsində yeni konseptual baxış tələb olunur.
İctimairey.az-ın məlumatına görə, bunu noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi zamanı Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov deyib.
O qeyd edib ki, müasir dövrdə çap mediası çətinliklərlə üzləşib.
“Azərbaycanda bu problem reklam və yayım məsələlərindədir. Ümumilikdə götürüləndə son dövr ərzində çap mediasında forma və məzmun baxımından dəyişikliklər var. Müasir dövrün güclü mediası rəqəmsal texnologiyalara uyğunlaşmalıdır”, – deyə K.Həsənov bildirib.
Qeyd edək ki, “E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.